Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AXCP-də qurultay şousu: 22 illik siyasi ölü dirilə bilər?

AXCP-də qurultay şousu: 22 illik siyasi ölü dirilə bilər?

Tarix: 25 Iyun 2023 12:33

Azərbaycan daxili siyasətinin müxalifət müstəvisindəki hadisələri sanki ləngidilmiş zaman prinsipi ilə yaşanır. Kinematoqrafın yarandığı ilk illərdəki titrəyən, bulanıq kadrları seyr edərmiş təki müxalifətçilərin birləşmələri, ayrılaları, təmərküzləşmə cəhdləri, intriqaları, ittihamları və bəraətlərinin fasiləsiz sıralanmasından ibarət bir vodevil seyr olunur.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) son qurultayı da əfsuslar olsun ki, mənzərəni dəyişmədi. Əslində, ehtimallar çox kiçikdi, hətta minimalizm səviyyəsində idi.

2001-ci ildə, Əbülfəz Elçibəyin vəfatından sonra AXCP sədri postuna sahiblənən Əli Kərimli yenə "vəzifəsi"ni və səlahiyyətlərini qorudu.

Tam 22 ildir ki, AXCP-yə o, rəhbərlik edir.

Son illərdə fəaliyyəti sosial şəbəkələrdə bloqerliyi daha çox xatırladan Əli Kərimli həm də sədri olduğu strukturdakı idarəetmə mexanizmlərini faktiki olaraq məhv edərək AXCP-ni bir adamın təşkilatına çevirib.

Partiyadakı ifrata vardırılmış şəxsiyyətə pərəstişə, volüntarizmə, bərbad idarəetmə metodlarına, bir zamanla geniş kütlələrə xitab edərək onları arxasınca apara bilən təşkilat indi sabiq Sovetlər Birliyi dönəmində "Mədəniyyət Evi" adlanan binada yerləşən çoxsaylı dərnəklərdən biri ilə hazırda fəaliyyət göstərən kiçik qeyri-hökumət təşkilatının qəribə simbiozuna çevrilib.

Demokratiya, insan haqları, azad seçkilər, tolerant və transparent cəmiyyət və s.-dən danışmağı çox sevən, fasiləsiz müsahibələrində hakimiyyət strukturlarındakı şəxslərin seçkili olmalarına, bir şəxsin postunda ən uzağı iki səlahiyyət müddəti qalmasının gərəkliliyindən bəhs edən Əli Kərimli həmin prinsiplərə riayət edirmi?

AXCP-də demokratiya yoxdur. Bunu biz yox, partiyanı qalmaqalla və hiddətlə tərk edənlərlə yanaşı, hələ də orada qalanlar deyirlər.

Əli Kərimli nə barədəsə hansısa qərar verdisə - AXCP-nin istisnasız olaraq bütün üzvləri üçün absolyut gerçək qismində qəbul olunmalıdır. Bütün qərarları Kərimli verir, təşkilatın fəaliyyət istiqamətlərini o bəlirləyir. Qərarların müzakirəsi, partiyanın fəaliyyəti ilə bağlı məsləhətləşmələr kolegial şəkildə aparılmır. Belə görüntü yaradılır, amma ssenari və gedişat birbaşa Əli Kərimli tərəfindən hazırlanaraq gerçəkləşdirilir.

AXCP-də tənqidə loyallıq və dözüm 0 səviiyyəsindədir ki, bu praktikanı da məhz Əli Kərimli tətbiq edib. Müttəfiq, tərəfdaş partiyaların mənsubları ilə adi söhbət belə, təşkilat sədrinin qəzəbinə və avtomatik olaraq "günahkar" şəxsin ostrakizmə məruz qoyulmasına səbəb olur. Ə.Kərimlinin volüntarist qərarları onun idarəetmə stilində diktaturaya çevrilir, nəticədə təşkilatın ciddi təşkilati böhranda olduğunu deyənlər satqınlıqda, korafəhmlikdə və xəyanətdə suçlanırlar.

AXCP sosial şəbəkələrdə "trol fabrik"lərini hazırlamış və indi də "bəsləyən" yeganə müxalifət partiyasıdır. Məhz Əli Kərimlinin rəğbəti və ya dözümsüzlüyü prinsipləri əsasında sosial şəbəkələrdə tərif, yaxud təhqir obyektləri müüəyyənləşdirilir, sonra isə AXCP daxilində bəlli qruplar hərəkətə gətirilir. Sosial şəbəkə istifadəçilərinin "Əli Kərimlinin trolları" addandırdıqları sözügedən şəxslərin hər birinin bir neçə, əksər hallarda onlarla saxta profillərlə akkauntları var və onlar Kərimlinin göstərişi ilə hədəfə hücum edirlər.

Əli Kərimlinin yarıtmaz və diletant idarəetməsi onun xislətindəki çoxsaylı sindromlar, komplekslər və yanlış davranış modellərinə qarışdığı üçün AXCP indi tarixinin ən qaranlıq dövrünü yaşayır.

22 ildir postundan ikiəlli yapışan və ən kiçik tənqidi özünə təhlükə hesab edən Əli Kərimlinin siyasətçi kimi uğursuzluğu ümumiyyətlə, AXCP-də tabu sayılan mövzulardan biridir. Ətrafındakı bir dəstə fanatiki idarə etməyə çalışan Əli Kərimli siyasi perspektivlərini, elektral bazasını və sosial dayaqlarını tam itirmiş AXCP-nin gələcək fəaliyyət istiqamətlərindən, mübarizə metodologiyasından, intibah variasiyalarından danışır.

Halbuki onun bəyanatları, çıxışları və açıqlamalarının leytmotivi illərdir dəyişmir: şüarçılıq, demaqogiya, bəsit hisslər yüklənmiş ifadələr və ikrah doğuracaq qədər aşkar manipulyasiyalar.

AXCP-nin son qurultayı təşkilat üçün xilas ola bilərdi, bu struktur katarsisis yaşayaraq külündən yenidən doğula bilərdi.

Olmadı, çünki Əli Kərimli 22 illik absurd fəaliyyətinin məqbul olduğunu deyərək yoluna davam etmək niyyətini açıqladı və postunu da kimsəyə verməyəcəyini aşkar göstərdi.

Beləcə, bloqer və həm də siyasətçi Əli Kərimli idarə etdiyi qurultayda adi marionet film qəhrəmanına çevrildi.

Marionetlər illərlə istifadə olunur, amma zaman keçdikcə canlanmırlar.

Canlı siyasi ölü perfomansını paradoksal inadla davam etdirərək siyasət hesab edən Əli Kərimli kimi.


Etiketlər:  AXCP qurultay şousu illik siyasi ölü dirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ