Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göygöldə uşaq yay düşərgəsində ustad dərsləri başlayıb - FOTO

Göygöldə uşaq yay düşərgəsində ustad dərsləri başlayıb - FOTO

Tarix: 7 Iyul 2023 17:50

Göygöldə uşaq yay düşərgəsində ustad dərsləri keçirilir.

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı çərçivəsində Göygöl Milli Parkı ərazisindəki yay düşərgəsində iştirakçılar üçün ustad dərsləri başlayıb.

Qeyd edək ki, Uşaq İncəsənət Festival çərçivəsində ilk mərhələni uğurla başa vurmuş qərb rayonlarından olan bir qrup iştirakçı üçün bu gün Göygöl Milli Parkı ərasizində yay düşərgəsi təşkil olunub.

Düşərgə müddətində uşaqlar üçün maraqlı və əyləncəli oyunlar (futbol, həndbol, estafet oyunları və s.) keçirilir. Tarzən Səbuhi Cəfərov, aşıq Samirə Əliyeva, xanəndə Qəzənfər Abbasov, rəssam Yusif Mirzə, qiraətçi Kamran Yunis və rəqqasə Tamilla Əliyeva isə ustad dərsləri aparır.

Düşərgənin keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkili, festival iştirakçıları arasında şəbəkələşmənin təmin edilməsi, onların yay tətillərini daha maraqlı və səmərəli keçirmələrinə şərait yaratmaqdır.

Uşaqlar üçün gün ərzində maraqlı və əyləncəli oyunlar keçiriləcək, tanınmış incəsənət nümayəndələrinin ustad dərsləri təşkil olunacaq, bölgənin mədəni-tarixi yerlərinə ekskursiya və intellektual yarışlar keçiriləcək.

Xatırladaq ki, üç turdan ibarət, 21 nominasiyada üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən ölkənin ən böyük Uşaq İncəsənət Festivalının ikinci mərhələsi avqust ayının sonunadək davam edəcək.

Festivalın final mərhələsi sentyabr ayı ərzində Bakı şəhərində keçiriləcək.

Layihənin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Milli.Az


Etiketlər:  Göygöldə uşaq yay düşərgəsində ustad dərsləri başlayıb FOTO


RƏYLƏR