Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2023 17:00
Fransa prezidenti Emmanuel Makron qarşıdan gələn "BRİKS" sammitində (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) iştirak etmək istəsə də, tədbirə dəvət almayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə yerli "News 24" xəbər portalı məlumat yayıb.
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramaposa "BRİKS"in sədri kimi assosiasiyanın sammitinə 70 ölkənin liderinə dəvət göndərsə də, dəvət edilənlər arasında nə Fransa prezidenti Makron, nə də ABŞ və Böyük Britaniya liderləri yoxdur.
Avqustda Yohannesburqda keçiriləcək "BRİKS" sammiti Qlobal Cənub ölkələrinin dövlət və hökumət başçılarının son illərdəki ən böyük görüşü olacaq. Dəvət olunanlar arasında 54 Afrika ölkəsinin liderləri də var.
"BRİKS" sammiti avqustun 22-dən 24-dək Yohannesburqun Sandton Beynəlxalq Konfrans Mərkəzində keçiriləcək. Tədbir Biznes Forumun açılışı ilə başlayacaq. Avqustun 23-də Ramaposanın sədrliyi ilə assosiasiyaya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək, tədbirin bir hissəsi qapalı formatda keçiriləcək.
Avqustun 24-də "BRİKS" ölkələrinin liderləri təşkilat ilə əməkdaşlıq yolu ilə dəvət olunmuş dövlət və hökumət başçıları ilə görüşlər keçirəcəklər. Bu tədbirlərə Afrikanın dövlət və hökumət başçıları ilə yanaşı, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası, Karib İcması, G77, Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası kimi regional təşkilatları təmsil edən Qlobal Cənub ölkələrinin 11 lideri dəvət olunub.