Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2023 02:04
İyulun 25-də Azərbaycanda uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna başlanılıb. Elektron sistem vasitəsilə həyata keçirilən proses valideynlər və təhsil müəssisələri üçün əlverişli olsa da, uşaq bağçalarının problemləri bununla tam həll edilmiş sayılmır. Belə ki, bağçalar haqqında mütəmadi səsləndirilən fikirlər və sosial şəbəkələrdə qeyd edilən narazılıqlardan aydın olur ki, bir çox bağçanın şəraiti, infrastrukturu, mütəmadi olaraq uşaqlara yer tapılmaması valideynləri narahat edir. Hətta üzərində "körpələr evi" statusunun qeyd edilməsinə baxmayaraq, körpə qruplarının yığılmaması da problemə çevrilib. Bütün bu çatışmazlıqlarla qarşılaşan valideynlər isə məcbur qalaraq, övladlarını özəl bağçalara əmanət edirlər.
Məsələ haqqında oxu.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva qeyd edib ki, bağçalara qəbulun elektronlaşdırılması müdirlərin bağçalara qəbulu istədikləri kimi yönləndirməsinin qarşısını alıb:
"Əvvəllər valideynlər bağça müdirlərinə yaxınlaşıb, uşaqlarını həmin bağçaya qoymaq istədiklərini deyəndə yer olmadığı cavabını alırdılar. Çox zaman uşaqları bağçalara götürmürdülər, hətta bəzən valideynlər və müdirlər arasında anlaşılmazlıq, neqativ hallar da yaşanırdı. İndi isə hər şey onlayndır, şəffafdır, hər bir valideyn istədiyi bağçaya övladını yazdırır, növbəyə dura bilir. Ona görə son zamanlar valideynlərin bu barədə məmnunluğunu tez-tez eşidirəm.
Hər hansı uşaq bağçası və ya körpələr evinin götürə biləcəyi uşaq sayı məlumdur. Onlayn sistem olduğundan bağçada neçə uşağın, neçə körpənin olduğu faktiki görünür. Yəni, əgər bağçada boş yer qalarsa, valideynlər bunu mütləq biləcəklər. Bağça müdirinin yer boş ola-ola uşaq götürmək istəməməsi inandırıcı deyil. Müdirlər boş yeri sistemdən gizlədə, kənardan qəbul təşkil edə bilməzlər. Lakin valideynin əlində faktlar varsa, bağçada yer olduğu halda övladını yerləşdirə bilmirsə, yaxud müdirin kənarda kiminləsə razılaşıb, özbaşına bağçaya qəbul keçirdiyini düşünürsə, bununla bağlı Elm və Təhsil Nazirliyinə, hətta hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Müvafiq şəkildə araşdırılma aparılıb, addım atılacağına əminəm".
Bəzi uşaq bağçalarının şəraitsizliyi və infrastrukturun yenilənməməsi iddialarına gəlincə, deputat problemin mövcudluğunu təsdiqləyib. Kamilə Əliyeva qeyd edib ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakıda və rayonlarda bağça çatışmazlığı, mövcud bağçaların şəraitsizliyi problem olaraq qalır:
"Biz seçicilərimizlə görüşlərdə də bu problemi tez-tez eşidirik. Uşaq bağçalarının sayı əhalinin sayı ilə uzlaşmır, tələbatı ödəmir. Xüsusilə, bölgələrdə uşaq bağçalarının sayının az olması ciddi problemə çevrilib. Amma bu məsələ dövlətin nəzarətindədir. Uşaq bağçalarının sayının artırılması, yeni bağçaların tikilməsi, mövcud bağçalarda şəraitin yaxşılaşdırılması, təmir olunub genişləndirilməsi nəzərdə tutulur. Hətta Bakıda diqqət etsək, görərik ki, yeni tikilən binaların əksəriyyətinin ilk mərtəbəsində uşaq bağçaları üçün yer nəzərdə tutulur. Bu tendensiyanın formalaşması gələcəkdə valideynlərin işini asanlaşdıracaq, bağça çatışmazlığını azaldacaq".