Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xırdalanda ''Kolumbiya'' adlandırılan yerlə bağlı DİN-dən açıqlama

Xırdalanda ''Kolumbiya'' adlandırılan yerlə bağlı DİN-dən açıqlama

Tarix: 31 Iyul 2023 17:34

Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsində gənclər arasında narkotikdən istifadə halları artıb. Bu barədə bloger Nail Kəmərlinin yutub kanalında videomaterial təqdim edilib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Kəmərlinin sözlərinə görə, ərazidə yaşayan sakinlər, o cümlədən narkotik istifadəçisi olan gənclərin valideynləri şikayət edərək bu vəziyyətin işıqlandırılmasını istəyib. Həmin ərazidə yaşayan və keçmiş polis olan sakinlərdən biri qaldıqları küçəni "Kolumbiya" adlandırıb: "Vaxtında gəlib çəkmək lazım idi. Dəfələrlə "102"yə zəng vurub vəziyyəti bildirmişik. Heç Kolumbiyada belə şey yoxdur. Orada olmamışam, amma buradan min dəfə yaxşıdır. Küçə başdan ayağa narkomanlarla doludur. Yoldan nə qız, nə də gəlin keçə bilir. Şəxsən mənim gözümün qabağında 5 manat pul ödədi, o da narkotiki ayağının altına atdı. Mən kişi ola-ola ayağım-ayağıma dolaşır. Sayları çoxdur. Burada bir ev var hamısı ora yığışır. Bir adam var onlara yemək verir. Əvvəl ev sahibi var idi, artıq yoxdur, ev boşdur. Bu mənzil bağlanıb möhürlənməldir. İçəri giriş qadağan edilməlidir. Saat 12-dən sonra hamının qarşısını kəsib pul istəyirlər. Qonşu var, iki dəfə oğlunu döyüblər. Həbsdən çıxanların hamısı qaçır bura gəlir".

Daha sonra çəkiliş qrupu hasardan sahibsiz evə daxil olub. Onlar əsl xarabalığı xatırladan mənzilin narkomanların yuvasına çevrildiyinin şahidi olublar. Sakinlər isə iddia edirlər ki, narkomanlar küçədə yaşayanların hamısının avtomobilini soyublar. Uşaqlar isə narkotik madənin motosikletdə satıldığını gözləri ilə gördüklərini deyiblər.

Daxili İşlər Nazirliyi (DİN) Xırdalan şəhəri Həsən bəy Zərdabi küçəsində gənclər arasında narkotikdən istifadə hallarının artmasına münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov BAKU.WS-ə açıqlamasında hadisədən xəbərdar olduqlarını və məsələnin nəzarətə götürüldüyünü bildirib:

"Narkotiklə əlaqəli neqativ halların ictimai təşviqində, vətəndaşların mövqeyi polisin bu istiqamətdə fəaliyyətinin effektivliyini artırır. Bunu nəzərə alaraq, hər bir çağırışa həssas yanaşırıq, çünki narkotik bəlasına qarşı mübarizədə vətəndaşların həmrəyliyi vacibdir.

Daxili İşlər Nazirliyinə bununla bağlı çoxsaylı çağırışlar var. Sözügedən məhəllədə sakinlərin fikirləri, vəziyyət diqqətlə öyrənilib, tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir".


Etiketlər:  Xırdalanda Kolumbiya adlandırılan yerlə bağlı DİN dən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ