Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Vaşinqton Post"un müəllifi İqnatiusla Vardanyanı nə birləşdirir? - TƏHLİL

Tarix: 12 Avqust 2023 21:18

Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınmış suveren sərhədində - Ermənistanla sərhəddəki Laçın rayonunda sərhəd buraxılış məntəqəsi təsis etməsindən sonra ermənilər həm dövlət, həm də diaspor səviyyəsində anti-Azərbaycan ictimai-siyasi fəaliyyətlərini intensivləşdiriblər. Daşnak ideologiyası ətrafında birləşmiş ermənilər rəsmi Bakı üzərində beynəlxalq təzyiqin artırılması üçün bütün səviyyələrdə fəaliyyətlərini koordinasiya edirlər.

Milli.Az APA-ya istinadən bildirir ki, son dövrlərdə xüsusilə də iki "cəbhə"də - beynəlxalq münasibətlər səviyyəsində və beynəlxalq mediada Azərbaycan əleyhinə fəaliyyətlərin intensivləşdirildiyi müşahidə edilir. Nəticə etibarilə, son günlərdə ermənilərin xahiş və minnəti ilə və ya prosesdən umulan dividentlər səbəbilə əcnəbi siyasətçilərin İrəvanın və Qarabağdakı separatçıların ritorikası ilə həmahəng bəyanatlarının sayı artıb. Məsələ ilə bağlı öz fikri olmayan və ya ayrıca fikir yazmaqdan çəkinənlər isə bir çox hallarda Qərb mediasında yayımlanmış birtərəfli, qərəzli yazıları paylaşmaqla "ümumerməni davası"na töhfə verməyə çalışırlar. Bu baxımdan son dövrlərdə xüsusilə də ABŞ mediası ermənilərin anti-Azərbaycan informasiya müharibəsinin tezislərinin inkişaf etdirildiyi, yeni ideyaların təklif olunduğu plasdarma çevrilib.

Əslində, burada qeyri-adi nəsə yoxdur. Çünki ABŞ 30 il ərzində necə davranıbsa, indi də elə davranır. Vaşinqtonun həmişə ikili standartlardan çıxış etdiyi gün kimi aydındır. Çox təəssüf ki, beynəlxalq münasibətlər sistemində ikili standartlar hələ də hökm sürməkdədir. Bunu da vurğulamaq lazımdır ki, ABŞ-də erməni böyük təbliğat resursları var ki, bütün bunlar təbii ki, alınan qərarlara təsirsiz ötüşmür. Elə bu səbəbdən amerikalı konqresmənlər erməni lobbisinin əlində oyuncağa çevriliblər.

ABŞ Dövlət Departamentinə yaxın "Vaşinqton post" və digər media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyasına start verilib. Bu, ilk hal deyil. Bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, Dövlət Departamentinin qeyri-rəsmi "mətbuat orqanı" kimi tanınan mətbu orqanları mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər.

Məsələn, ABŞ Dövlət Departamentinin qeyri-rəsmi mətbuat orqanı sayılan "Vaşinqton Post" qəzetində son 6 gün ərzində Azərbaycana qarşı 3 məqalə dərc edilib. Birtərəfli, qərəzli və qeyri-dəqiq bu məqalələrin hər birində məsələnin yalnız bir tərəfinə - "erməni iztirabları"na fokuslanılması onların sifariş və ya xahiş əsasında hazırlandığını deməyə əsas verir. Təsadüfi deyil ki, bütün məqalələrdə Ermənistan rəsmilərinin tezislərində keçən açar sözlərdən istifadə edilir, qavrayış idarəetməsinə çalışılır. Məsələn, məqalələrdə dəfələrlə guya Azərbaycan tərəfindən Laçın yolu "bağlanaraq" ermənilərə qarşı "soyqırımı" siyasəti həyata keçirildiyi iddia edilir. "Soyqırımı" sözünün ermənilərin və onların havadarlarının tezislərində dəfələrlə istifadəsi, vurğulanması təsadüf deyil. Bu yolla bir tərəfdən son yüzillikdə milli kimliyini, milli düşmən obrazlarını məhz bu söz üzərində inşa edilmiş ermənilər Azərbaycan əleyhinə aparılan kampaniyaya səfərbər edilir, digər tərəfdən isə beynəlxalq "həyəcan"ın tətiklənməsinə çalışılır.

Lakin fakt göz qarşısındadır, Azərbaycanın Qarabağda soyqırımı həyata keçirmək kimi bir niyyəti olsaydı, bu, özünü 44 günlük müharibə zamanı göstərərdi. Separatçıların və Ermənistan əsgərlərinin 30 il boyunca istehkama çevirdiyi Qarabağı iki aydan az bir müddətdə geri alan Azərbaycan Ordusunu Xankəndinin bir addımlığında dayandıran əslində rəsmi Bakının potensial mülki itkilərin qarşısını almaq, bu yolla xalqlar arasında ədavətin daha da güclənməsinə yol verməmək, həmçinin Xankəndidəki separatçı rejim tərəfindən əsir götürülmüş öz erməni vətəndaşlarını təhlükəyə atmamaq istəyindən qaynaqlanıb.

Azərbaycan indi Laçın yoluna alternativ olaraq humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edir, ermənilər isə məqalələrdə qeyd edildiyi kimi, həmin yola beton maneələr düzərək özlərinə göndəriləcək yardımın qarşısını alırlar. Bütün bu addımlar onu göstərir ki, Qarabağdakı mülki ermənilər yalnız separatçı rejimin qərarlarının əziyyətini çəkirlər.

Ümumiyyətlə, erməni diasporunun və rəsmi İrəvanın son günlərdə öz Qarabağ narrativlərini beynəlxalq gündəmin əsas mövzusuna çevirmək səyləri Ukraynadakı hadisələrdən diqqət yayındırmaq məqsədi də daşıya bilər. Sözsüz ki, hazırda hamı üçün ən önəmli məsələ Ukraynada davam edən müharibə və bunun fonunda ayrı-ayrı regionlarda ortaya çıxan humanitar, iqtisadi vəziyyətdir.

Qarabağdakı ermənilərin, eləcə də erməni diasporunun, rəsmi İrəvanın yeni saxta gündəm (Spin doktor) formalaşdıraraq əsas hadisələrdən diqqəti yayındırmağa çalışması onların müəyyən dairələrlə işbirliyindən də qaynaqlana bilər.

Əlbəttə, gündəmdə hansısa problemin olması digər məsələlərin müzakirəsinə mane olmur, amma hər bir halda belə bir niyyətin mümkünlüyü diqqətdən yayınmamalıdır.

Maraqlısı da budur ki, hazırda dünyada Ukrayna, Afrikadakı hadisələr kimi aktual mövzular olduğu halda "Vaşinqton Post" kimi bir qəzet son 6 gündə Azərbaycana 3 məqalə həsr edir.

Qəzetin öz guşələrində Azərbaycanla bağlı birtərəfli yazıların yayımlanmasına göz yumması məsuliyyətsizlik və qərəzli münasibətin göstəricisidir. Məsələn, son məqalələrdən birinin müəllifi milliyətcə erməni David İqnatiusdur. 2016-cı ildə qanunsuz olaraq Qarabağa səfər etmiş İqnatius rusiyalı oliqarx, Qarabağda məlik olmaq eşqinə düşmüş Ruben Vardanyanın yaxın dostudur və hətta onun fondu tərəfindən mükafatlandırılıb. İqnatius eyni zamanda, 44 günlük müharibədən əvvəl və sonra Ermənistanın və Qarabağdakı separatçıların müdafiəsinə yönəlmiş yazılar və açıqlamalar yayıb.

Təsadüfi deyil ki, onun "Vaşinqton Post"da Laçın yolu ilə bağlı hazırladığı "məqalə"si də ermənilərin tezislərinə tam uyğun hazırlanılıb. Bu məqalə İqnatiusun "Vaşinqton Post"da yenidən ermənilərin tezislərini inkişaf etdirməsi cəhdi olmaqla yanaşı, Azərbaycana qarşı Dövlət Departamentinin sifarişi ilə aparılan kampaniya və təzyiq cəhdinin göstəricisidir.

Milli.Az


Etiketlər:  Vaşinqton Postun müəllifi İqnatiusla Vardanyanı birləşdirir TƏHLİL


RƏYLƏR