Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2023 19:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Kəlbəcər rayonunda "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına stansiyalarda görülən işlər barədə məlumat verildi.
Bildirildi ki, Kəlbəcər rayonunun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə "Çıraq-1" və Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə "Çıraq-2" Kiçik Su Elektrik stansiyaları "AzərEnerji" ASC tərəfindən tamamilə yenidən qurulub.
Qeyd edək ki, 2022-ci ilin iyununda Prezident İlham Əliyevin tikinti işlərinin gedişinə baxış keçirdiyi bu elektrik stansiyaları ən müasir avadanlıqla təchiz olunub. Ərazidə iqlim və relyefin sərt olmağına baxmayaraq, tikinti işləri cədvəldən əvvəl başa çatdırılıb.
Burada çayın 50 faiz təminatı nəzərə alınmaqla ekoloji normanın saxlanılması üçün derivasiya boruları subasardan hündür hissədə quraşdırılıb. Həmçinin sel suları nəzərə alınaraq 1750 metr mütləq yüksəklikdə yerləşən idarəolunan baş suqəbuledici qurğu tikilib, eləcə də 7 kilometr uzunluğunda derivasiya boruları yenidən çəkilib.
"Çıraq-1" və "Çıraq-2" stansiyalarının hər biri üçün maşın zalı tikilib, Avropanın aparıcı şirkətlərinin istehsalı olan müasir ekoturbinlər, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. "Çıraq-1" Kiçik Su Elektrik Stansiyasının ərazisində yeni 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib. 35 kilometr uzunluğunda 35 kV-luq "İstisu" elektrik verilişi xətti yenidən qurularaq yeni yarımstansiyaya qoşulub, optik kabel xətti çəkilib. Bu yarımstansiya "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su Elektrik stansiyalarında istehsal edilən elektrik enerjisinin ölkənin enerjisisteminə ötürülməsi üçün qovşaq funksiyasını daşıyır. Eynilə 3,6 meqavat gücündə "Çıraq-2" Su Elektrik Stansiyasının da baş suqəbuledici qurğu, 3 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada bir ədəd Avropa istehsalı olan yaşıl sertifikatlı müasir ekoturbin, generator, idarəetmə və avtomatika panelləri quraşdırılıb. "Çıraq-1" və "Çıraq-2" stansiyaları enerjisistemə tam inteqrasiya edilməklə məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Hər iki stansiyada ümumilikdə il ərzində 35 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunacaq.
Prezident İlham Əliyev "Çıraq-1" və "Çıraq-2" Kiçik Su Elektrik stansiyalarını işə saldı.
Qeyd edildi ki, "Çıraq-1", "Çıraq-2" və "Soyuqbulaq" Kiçik Su Elektrik stansiyalarından əlavə, bu günə kimi Kəlbəcər rayonunda 4,4 meqavat gücündə "Kəlbəcər-1", 6,3 meqavat gücündə "Qamışlı" və 3,4 meqavat gücündə "Meydan" Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb. Bununla da 2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq.