Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2023 11:30
Azərbaycanın Rus İcması İctimai Birliyi Qarabağ separatçılarının rəsmi Bakının öz erməni mənşəli vətəndaşları ilə dialoquna əngəl törətmək və Azərbaycanın Qarabağ bölgəsində sözdə Rus icmasından istifadə edərək regionda sabitliyi pozmaq cəhdlərini pisləyən bəyanatla çıxış edib.
Sonxeber.net bəyanatın tam mətnini təqdim edir:
"Azərbaycan hökumətinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndində yaşayan öz erməni mənşəli vətəndaşları ilə sülh dialoqu aparmaq üçün səylər göstərdiyi bir vaxtda, bir qrup separatçı əsassız bəyanatlarla çıxış edərək və dünya ictimaiyyətinə yanlış məlumat verərək buna əngəl törətməyə çalışır. Burada növbəti dəfə Azərbaycan Konstitusiyasının təməl normalarına tam zidd bəyanatla çıxış edən "Dağlıq Qarabağ"ın sözdə Rus icması kartının oynanılması cəhdi baş verib.
Əvvəlcə ondan başlamaq lazımdır ki, Azərbaycan Respublikasında "Dağlıq Qarabağ" adlı ərazi-inzibati vahidi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən, ölkənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. "Artsax" adlı məfhum isə, ümumiyyətlə dünyada heç vaxt olmayıb və bu, yalnız suveren Azərbaycan dövlətinin ərazisində yerləşmiş ayrıca separatçı qrupun xəyallarında mövcuddur.
Qarabağ iqtisadi rayonunun erməni mənşəli sakinləri Azərbaycan Respublikasının vətəndaşlarıdır və ölkəmizin rəsmi qanunlarına uyğun yaşamalıdır. Azərbaycanda 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış və hazırda 120 mindən çox üzvü olan təkcə bir Rus İcması fəaliyyət göstərir. Təşkilatımız bütün beynəlxalq strukturlar tərəfindən tanınıb və artıq 30 ildən çox müddətdir ki, fəal iş aparır. Əgər Qarabağ ermənilərinin arasında Azərbaycanın Rus İcmasına üzv olmaq istəyənlər varsa, onda onlar təşkilata üzvlük üçün bizə müraciət etməlidir. Biz onların müraciətlərinə cavab verməyə və təşkilata üzvlük məsələsində bütün zəruri informasiyaları təqdim etməyə hazırıq.
Sözdə "Dağlıq Qarabağın Rus icması" Qarabağ haqqında öz əcdadlarının tarixi torpağı kimi danışır. Qarabağ həmişə Azərbaycanın tərkib hissəsi olub və belə olaraq qalır. Ölkəmizin ərazi bütövlüyü bütün ölkələr və dövlətlər, o cümlədən Rusiya Federasiyası və hətta Ermənistanın özü tərəfindən tanınıb. Əcdadlarının çətin taleyindən danışan Qarabağın sözdə Rus icması unudur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə qədər bütün etnik qrupların nümayəndələri birlikdə sülh şəraitində və dostcasına yaşayırdı. Aralarında milli azlıqların da olduğu azərbaycanlılar Ermənistanın işğalçı siyasəti zamanı zorla öz doğma torpaqlarından qovulmuşdu. Milli azlıqlar Ermənistanın özündən də didərgin salınmışdı. Lakin bu gün Azərbaycanda onlarla etnik qrupların nümayəndələrinin olduğu halda, həmin monoetnik dövlətdə ermənilərin özündən başqa heç kim yaşamır.
Azərbaycanın Rus İcması belə bəyanatları regionda sabitliyi pozmaq, dünya ictimaiyyətini yanlış məlumatlandırmaq və Qarabağ ermənilərinin çoxmillətli, çoxmədəniyyətli Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesini gecikdirmək cəhdi kimi qiymətləndirir.