Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xameneiyə varis axtarılır: rejim çökə bilər

Xameneiyə varis axtarılır: rejim çökə bilər

Tarix: 4 Sentyabr 2023 12:44

İran İslam Respublikasının gələcək rəhbərinin kim olacağı haqda vaxtaşırı müzakirələr olur. Son günlərdə də İsrailin bəzi kəşfiyyat mənbələri İranda yeni ali dini liderin seçilməsi prosesinin başlandığı ilə bağlı məlumat yayıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, Xamenei həyatda olduğu dövrdə İranda inqilab olmayacaq, mövcud rejim ali dini liderin ölümündən sonra da hakimiyyətdə qalacaq, bu halda Xameneidən sonra yeni rəhbərin kim olacağı ən önəmli məsələyə çevrilir.

Xameneinin ölüm məsələsi molla rejimini ciddi böhranlarla üzləşdirəcək. Çox güman ki, onların bu istiqamətdə artıq planları var. Bəlkə də çoxdan hər şeyi düşünüblər; sadəcə, nə düşündüklərini demək çətin məsələdir... Eyni zamanda, bu rejim kimi totaliter sistemlərdə nəyin necə baş verəcəyini də heç zaman qarantiləmək olmur - hər şey hər an dəyişə bilər.

Xameneidən sonrakı vəziyyət onun nə zaman və hansı şəraitdə ölməsindən asılıdır. İnsanların meydanlarda olduğu bir dövrdə ölərsə, əlbəttə ki, bu, rejim üçün son deməkdir. Lakin əks halda, şərait bir az fərqlidir. Xomeyninin dövrünə və Xameneinin rəhbər təyin olunma prosesinə nəzər salıb, indiki dövrlə müqayisə etsək, iki çağ arasında ciddi fərqlər olduğunu görərik.

O zaman toplumun böyük əksəriyyəti rejimin arxasında idi. İndi isə vəziyyət tamamilə bunun əksini göstərir. O dövrdə Ruhullah Xomeyninin oğlu Əhməd Xomeyni rəhbər ola bilərdi. Lakin arxa planda qalaraq Xameneini dəstəkləməyi seçdi. Rəfsəncani də tam şəkildə Xameneini dəstəklədi. Hətta daha dəqiq desək, o dövrün iki ən nüfuzlu və güclü şəxsi, yəni Əhməd Xomeyni və Haşimi Rəfsəncani Xameneinin rəhbər olmasında əsas rolu oynadılar. Lakin Xamenei hakimiyyəti ələ alandan sonra bu iki şəxsi, eləcə də bu timsalda başqalarını yavaş-yavaş güc strukturlarından kənarlaşdırdı.

Müharibədən sonra Xomeyninin SEPAH-ı ordunun tərkibinə salmaq kimi bir fikiri var idi. Bu prosesin qarşısını Xamenei alaraq onu ölkənin birinci gücünə çevirdi. Bu gün ölkədə birinci sözü SEPAH deyir, hər şey onun əlindədir. Halbuki Xomeyni zamanı güc sırf bir qurumun əlində olmayıb. Bu o deməkdir ki, 3-cü rəhbər SEPAH-ın təsdiq etdiyi şəxs olmalıdır.

Qanun baxımından, İran İslam Respublikasının rəhbərini "Xübrəqan Məclisi" seçməlidir. Lakin bu formal xarakter daşıyır. Bu məclisin üzvləri Xameneiyə bağlıdır, onlar təsir gücünə malik ola bilməzlər. Bir sözlə, məclisin üzvləri də SEPAH-a tabe olacaqlar.

Xamenei İslam Respublikasının 2-ci ali dini lideri kimi o qədər də uğurlu performans sərgiləmədi. Ciddi böhranlar yarandı. Hazırda rejim daxilində fikir ayrılıqları həddən artıqdır. Bütün bunların nəticəsində onu demək mümkündür ki, İranın 3-cü ali dini lideri hər kim olursa olsun, gücü və nüfuzu, eləcə də idarəetməsi Xameneidən də zəif olacaq. Bu məsələnin mümkün qədər qarşısını almaq üçün nəzərdə tutulan rəhbərin iki xüsusiyyəti olmalıdır:

Birincisi, iqtisadi və hərbi gücə malik olmalıdır. İlk növbədə qüdrət və nüfuz sahiblərinin maraqlarını qarşılamaq gərəkir. Ölkənin iqtisadi damarı əldə olarsa, sözügedən şəxsləri əldə saxlamaq mümkünləşər.

İkinci məsələ, silahın kimin əlində olmasıdır. Kimin hər kəsdən çox hərbi məsələlərdə təcrübəsi var? Kim bu sahədə hər kəsdən çox təsirə malikdir? Kimin çevrəsi genişdir?..

Şübhəsiz ki, bu iki xüsusiyyətə malik olan şəxs rəhbər seçiləcək. Böyük böhranların içində boğulan ölkəni, rəhbərin ölümündən sarsılmış rejimi yalnız bu xüsusiyyətləri olan şəxs ələ alabilər. Amma qeyd etdiyim kimi gələcək rəhbərin daha zəif olub, sistemi çöküşə aparması qaçılmaz görünür. Xameneinin ölümünün də rejimin sonunu gətirəcəyi gözlənilən vəziyyətlərdəndir.

Hazırda 2 şəxsin adı gələcək rəhbər kimi çox eşidilir: İbrahim Rəisi və Müctəba Xamenei. Bəlkə də başqaları var, lakin rejimin hələlik bizlərə namizəd olaraq təqdim etdiyi bu adıçəkilən şəxslərdir. Belə görünür ki, real variant Müctəbadır. Rəisi prezidentlik dövründə tabeçiliyini sübut etsə də, ortaya heç nə qoya bilmədi. Eyni zamanda, imici də korlandı. Rejimdə isə rəhbər toxunulmaz olmalıdır. Müctəbanın əsas hədəf olması, sadəcə, Əli Xameneinin oğlu olması ilə bağlı deyil. Həm də maliyyə məsələlərində güclü nüfuza sahibdir. Hərbi məsələlərdə də həmişə aktiv olub. Süleymani dəfələrlə deyirdi ki, bir çox hərbi məsələlərdə məhz Müctəba fikir bildirir. Süleymanidən sonra da SEPAH-ın rütbəlilərindən bu sayaq sözləri vaxtaşırı eşidirik. Hərçənd, Müctəbanın müdaxilələrindən narazı olanlar da var. Lakin bu fakt özü də Müctəbanın SEPAH daxilində gücünün artdığını göstərir. Vəziyyət o yerdədir ki, "Artıq bir müddətdir ölkəni Əli Xameneinin əvəzinə Müctəba idarə edir" cümləsi eşidilir. Demək, toplumu buna hazırlayırlar.

Bir məsələyə də diqqət yetirmək lazımdır:

Müctəba Xamenei heç bir rəsmi vəzifədə olmayıb. Hər zaman mediadan da uzaq gəzib. Belə olması diqqətdən kənarda və kölgədə qalmasına səbəb olub. Beləliklə, toplumda ona qarşı qatı bir düşüncə formalaşmayıb. Kimdir? Hansı pis əməllərə əl atıb? Korrupsiyası varmı?

Müctəbanın kölgədə və diqqətlərdən kənarda hərəkət etməsi onun üçün bir avantaja çevrildi. Bununla yanaşı, kim Müctəbaya rəqib olurdusa, ön plana gətirilərək imicləri korlanıldı.

Yaxın gələcəkdə bəlkə heç gözləmədiyimiz 3-cü nəfərin də olduğu açıqlandı. Lakin hazırda həm SEPAH üçün ideal olan, həm də dini baxımdan lazımı rütbəyə sahib olan şəxs Müctəbadır.


Etiketlər:  Xameneiyə varis axtarılır rejim çökə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ