Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2019 00:40
Bakı. Trend:
İşgüzar və kübar ünsiyyət üzrə tanınmış mütəxəssis Tatyana Polyakova oktyabrın 29-da Heydər Əliyev Mərkəzində çıxış edib.
Trend-in məlumatına görə, o, “Etiket və peşəkar ünsiyyət” mövzusunda mühazirə oxuyub.
Tədbirdən əvvəl jurnalistlərə müsahibə verən Tatyana Polyakova bildirib ki, Azərbaycana gəlmək onun çoxdankı istəyi idi. Bakılıların qonaqpərvərliyi onu valeh edib. O deyib: “Mən səyahət etməyi, özüm üçün yeni ölkələr kəşf etməyi, müxtəlif xalqların adət-ənənələri ilə tanış olmağı çox sevirəm. Hər bir xalqın etiket barədə öz təsəvvürü var. Mənim əsas məqsədim bunları öyrənmək və öz biliklərimi başqaları ilə paylaşmaqdır. Məni Heydər Əliyev Mərkəzi kimi möhtəşəm binada mühazirə oxumağa dəvət etdiklərinə görə təşkilatçılara təşəkkürümü bildirirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir, lakin əminəm ki, sonuncu deyil”.
Tatyana Polyakova gecədə insan haqda təəssürat yaradan əsas məqamlardan söz açıb, səs tembri, geyim tərzi, baxış, intonasiya, nitq qabiliyyəti, xahiş və minnətdarlıq ifadələri, hədiyyələr və hətta ayaqqabı dabanının hündürlüyü kimi maraqlı nüanslara toxunub. O, eleqantlılığın əsas əlamətlərindən, davranış qaydalarından danışıb.
Bir çox ölkələrdə geniş auditoriyası olan Tatyana Polyakova Avropada, Amerikada mövcud olan etik normalardan və Asiya ölkələrinə xas ənənələrdən də danışıb, davranış və nəzakət qaydalarında genetik ənənələri öz xeyrinə necə istifadə etməyin sirlərini açıqlayıb.
Mühazirə böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Tatyana Polyakova dünyada etiket üzrə tanınmış mütəxəssisdir. Monako Knyazlığında etiket öyrətmək üzrə lisenziyanın yeganə sahibidir. Mədəniyyətlərarası kommunikasiya üzrə kursların müəllifidir. O, bir neçə xarici dildə danışmaq bacarığını, beynəlxalq şirkətlərdə iş təcrübəsini, etnoqrafik ekspedisiyalarını və səyahətlərini böyük məharətlə ünsiyyət və etiketə dair biznes layihəyə çevirib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin