Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi

Tarix: 13 Sentyabr 2023 14:24

Sentyabrın 8-də  Çin Xalq Respublikasının Shenzhen şəhərində  Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı start götürüb. Festivalın açılış mərasimi Çinin ən böyük konsert salonlarından biri olan Shenzhen Konsert Hallda reallaşıb. Rəsmi açılış mərasimində Azərbaycanı Əməkdar artist, tarzən Sahib Paşazadə təmsil edib. Təntənəli  mərasimində Sahib Paşazadə ilə birlikdə amerikalı tenor Jonatan Tetelman, rumın opera müğənnisi Angela Gheorghiu, tanınmış dirijor Ciprian Teodorascu, məşhur italyan pianoçusu Edoardo Turbil və tanınmış sənət adamları  fəxri qonaq qismində eyni səhnəni bölüşüblər. Festivalın rəsmi simvolik açılışını da məhz fəxri musiqiçi qonaqlar həyata keçiriblər. Sahib Paşazadə Shenzhen Simfonik Orkestri ilə birlikdə Həsən Rzayevin "Çahargah rapsodiyası" və Çin xalq musiqilərindən ibarət kompozisiya təqdim edib. Tarzən həmçinin festivalın açılış günü 30-dan çox KİV-nin iştirakı ilə təşkil edilən brifinqdə Azərbaycan muğamı və tarı haqqında ingilis dilində geniş məlumatı diqqətə çatdırıb. 

Musiqi festivalı oktyabrın 31-də başa çatacaq. Iki aya yaxın davam edəcək tədbirlərdə şəhərin müxtəlif məkanlarında ümumilikdə 59 konsert proqramı təqdim olunacaq.

Kəmər və Yol Təşəbbüsü strategiyası ( əvvəlki adı  "Bir kəmər, bir yol") 2013-cü ildə irəli sürülüb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Təşəbbüs olaraq ilk dəfə  2013-cü ilin sentyabrında  Çin rəhbərinin Qazaxıstana rəsmi səfəri zamanı strategiya "İpək Yolu İqtisadi Kəməri" adı ilə elan edilmişdi. Strategiyanın şərəfinə təşkil edilən festival müxtəlif ölkələrin mədəniyyət və incəsənətinin təbliğində mühüm rol oynayır.  Dünyanın hər yerindən yüksək səviyyəli sənətçiləri bir araya gətirən Kəmər və Yol Təşəbbüsü Beynəlxalq Musiqi Festivalı 2017-ci ildən bəri Shenzhen Bələdiyyə Hökumətinin ev sahibliyi etdiyi yüksək səviyyəli mədəni tədbirə və tanınmış beynəlxalq mədəniyyət hadisəsinə çevrilə bilib. Buna görə də açılış konsertində "Kəmər və Yol" boyunca yerləşən ölkələrin məşhur ifaçılarının bir arada çıxış etməsi festivalın əsas konsertlərindən biri hesab edilir. Festivalda 60-dan çox şəhərdən 2500 sənətçinin çıxışı nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Əməkdar artist Çində keçirilən beynəlxalq musiqi festivalının açılışında çıxış etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ