Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu məsələləri üçüncü tərəflə müzakirə etməyəcəyik''

''Bu məsələləri üçüncü tərəflə müzakirə etməyəcəyik''

Tarix: 16 Sentyabr 2023 11:03

Azərbaycanın ərazi bütövlüyünü şübhə altında qoyan məsələləri Ermənistanla, ya da hər hansı bir üçüncü tərəflə müzakirə etməyəcəyik.

Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində deyib.

"O cümlədən, Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağdakı etnik erməni azlıq arasında dialoq üçün müəyyən "beynəlxalq mexanizmlər"in yaradılması mövzusunu ləngitməklə dövlətimizin daxili işlərinə müdaxilə cəhdi uğursuzluğa düçardır. Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək üçün istənilən cəhd regionda davamlı sülhə nail olmaq perspektivindən əks-səmərəlidir", - o deyib.

Hikmət Hacıyev qeyd edib ki, hazırda sülh prosesi erməni siyasi rəhbərliyinin qeyri-konstruktiv və qeyri-səmimi mövqeyi səbəbindən ləngiyir.

"Laçın yolunun uydurma "blokada"sı bəhanəsilə Azərbaycana qarşı irimiqyaslı dezinformasiya kampaniyası başladılıb və İrəvan, eləcə də, dünyanın müxtəlif ölkələrində, xüsusən Qərbdəki erməni diasporu tərəfindən koordinasiya olunur. Azərbaycanı öz suveren ərazisinin "blokada"sında ittiham etmək cəhdlərinə baxmayaraq, sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətinin yükü üçün Ağdam yolunun açılması bu cür ittihamların əsassız olduğunu göstərdi.

Rusiya Qızıl Xaç Cəmiyyətinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin birgə səyləri sayəsində Ağdam yolu işə salındı. İndi Beynəlxalq Qızı Xaç Komitəsinin yüklərinin də eyni vaxtda iki marşrutla - Ağdam və Laçın yolu ilə hərəkət edəcəyini gözləyirik. Beynəlxalq tərəfdaşlarımız bu mövqeyi bütünlüklə paylaşır və dəstəkləyir", - o deyib.

Hikmət Hacıyevin sözlərinə görə, hazırda sülh prosesi üçün əsas maneə Ermənistanın Azərbaycan ərazisində maliyyə və hərbi-siyasi baxımdan qanunsuz rejimi dəstəkləməyə davam etməsi faktıdır.

"Məhz Xankəndidəki qanunsuz rejim Ağdam və Laçın marşrutlarının eyni vaxtda açılmasına mane olur, Azərbaycandan göndərilən ərzaq yüklərini qəbul etməkdən imtina edir və bunu mağara irqçilik motivləri ilə əsaslandırır. Sivil dünyada bu cür motivlərə yer ola bilməz. Həmçinin, qanunsuz rejim Azərbaycanın mərkəzi hakimiyyətinin Qarabağda yaşayan etnik erməni azlıqla dialoq cəhdlərinə mane olur, baxmayaraq ki, Bakı dəfələrlə Qarabağdakı erməni azlığı təmaslara dəvət edib. Ermənistanın Qarabağda yaşayan 30 min erməniəsilli vətəndaşımızı əsir almış qanunsuz rejimi dəstəkləmə siyasətinə son qoyulmalıdır. Azərbaycanda "boz zonalar"a yer yoxdur", - deyə o əlavə edib.


Etiketlər:  məsələləri üçüncü tərəflə müzakirə etməyəcəyik


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ