Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putinin gözünə “erməni eynəyi” taxmaq... - Korotçenko

Putinin gözünə “erməni eynəyi” taxmaq... - Korotçenko

Tarix: 19 Sentyabr 2023 11:36

Erməni lobbiçiləri ABŞ Konqresində kifayət qədər fəaldırlar. Ona görə də Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyətin qiymətləndirilməsi üçün Senatda dinləmələrin keçirilməsi orada yaşayan erməni diasporunun birbaşa və dağıdıcı işidir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri rusiyalı hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko bir neçə gün öncə ABŞ Senatında keçirilən ictimai dinləmələrə və Azərbaycana qarşı konqresmenlərin səsləndirdiyi əsassız iddialara münasibət bildirərkən deyib.

Hüquqi nöqteyi-nəzərdən dinləmələrin tamamilə əsassız olduğunu deyən Korotçenko bunun heç bir nəticə verməyəcəyini bildirib:

"Qarabağda müəyyən böhranın olması ilə bağlı mülahizələrin özü yalan və sünidir. Separatçılar müstəqil şəkildə yüklərin daşınması üçün yolların hamısını bağlayıb, Ağdam-Xankəndi yolunun əleyhinə çıxış ediblər. Həmçinin, Laçın yolunun fəaliyyəti ilə bağlı Azərbaycan qanunvericiliyini pozmağa səy göstəriblər. Qarabağda vəziyyət böhrandan uzaqdır, orada aclıq yoxdur, Qarabağ erməniləri toxdurlar, tam razıdırlar. Biz onları sosial şəbəkələrdə gördük, qanunsuz silahlı erməni birləşmələrinin üzvlərinin Rusiya sülhməramlılarına qarşı təxribatlar təşkil etməyə cəhdinin də şahidi olduq. Düşünürəm ki, vəziyyət istənilən ekspert üçün aydındır. Dinləmələrin özünə gəlincə, bu, ABŞ Senatının Azərbaycanın daxili işlərinə kobud müdaxiləsidir. Lakin bu, heç bir hüquqi nəticələrə səbəb olmayacaq. Dinləmələr bir daha Amerika siyasi elitasının korrupsiyalaşdığını göstərir. Biz, sadəcə olaraq, ABŞ erməni lobbisi tərəfindən maliyyələşdirilən bir sıra fiqurları, senatorları, konqresmenləri də tanıyırıq. Onlara təqdim edilən, sonradan satdıqları qızıl külçələr ABŞ-da əsas xəbərlərdəndir. Ona görə də bir daha deyə bilərəm: bu dinləmələri necə aparıblarsa, qoy onları bağlasınlar".

Politoloq hesab edir ki, Amerika dövləti erməni problemlərini süni şəkildə qabartmaqla Azərbaycana təsir etmək imkanları axtarışındadır:

"Amerika üçün ikili standartlar həmişə xarakterik olub. Və təbii ki, ABŞ regionda uydurma erməni problemlərinə diqqət yetirmək niyyətində deyil - bu, Azərbaycan üzərində, sadəcə, təsir rıçaqlarına sahib olmaq cəhdidir. Bu gün Azərbaycan güclüdür, suverendir, özünü təmin edən, inkişaf etmiş və çoxşaxəli iqtisadiyyatı olan dövlətdir. Azərbaycan dünya miqyasında enerji infrastruktur layihələrini həyata keçirmiş ölkədir. Bakı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçılarından biridir. Ondan başqa İkinci Qarabağ müharibəsində qalib gələn və Cənubi Qafqaz regionunda ən yaxşı orduya sahib olan ölkədir. Azərbaycana güclü və hörmətli Prezident cənab İlham Əliyev rəhbərlik edir. Azərbaycan Qoşulmama Hərəkatının lider rolunu oynayır. Və bu rol sayəsində Qoşulmama Hərəkatı yeni məna, inkişaf üçün yeni üfüqlər qazandı. Əslində, amerikalılar heç bir suveren, özünü təmin edən ölkəni sevmir. Onlar Bakıya təsir etmək, rəngli inqilab metodundan istifadə edərək hakimiyəti dəyişdirmək, yaxud heç bir maliyyə, iqtisadi rıçaqlar tətbiq etmək mümkün olmadığından, Azərbaycan Amerika elitasını qane etmir. Xüsusən, Vaşinqton Cənubi Qafqazı daimi münaqişə vəziyyətində görmək istəyir. Çünki əsas nəqliyyat kommunikasiyaları bu regiondan keçir. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi. Bu, genişmiqyaslı Qərb sanksiyaları şəraitində Rusiya iqtisadiyyatının davamlı fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edir. Ona görə də ABŞ istərdi ki, ermənilərdən və erməni faktorundan istifadə edərək regionda vəziyyəti sarsıtsın, onu daim yeni böyük müharibənin astanasında balanslaşdırsın. Əslində, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, rəsmi Bakıya qarşı irəli sürülən qanunsuz, həyasız tələblər bununla bağlıdır. Məncə, yararsız vasitələrlə buna cəhd edən ABŞ qarşısına qoyduğu məqsədlərə nail olmayacaq".

O, erməni diasporunun geniş miqyasda mövcud olduqları ölkələrdə siyasi proseslərə, o cümlədən Cənubi Qafqaz regionunda baş verən hadisələrə diplomatik və siyasi qiymət verilməsinə son dərəcə mənfi təsir göstərdiyini bildirib:

"İstənilən erməni diasporu hansı ölkədə olursa olsun, siyasi vəziyyəti təhrif etmək üçün həmin ölkələrdə qərar qəbul edən mərkəzlərin gözünə eynək taxmağa çalışır. Müəyyən ölkələrin siyasi elitasını dünya erməniləri üçün "başqasının əli ilə oddan şabalıd çıxartmağa" məcbur etməyə və təbii ki, Qarabağdakı separatçıları dəstəkləməsi üçün də hər şey etməyə səy göstərirlər. ABŞ, Fransa və bir sıra digər Avropa ölkələri erməni lobbiçilərinin təsirinə məruz qalır. Bütün bunlar doğrudur. Rusiyaya gəldikdə isə buradakı informasiya məkanına nəzər salsaq, o personajlara, erməni maraqlarına xidmət edən lobbiçilərə onların müəyyən təsiri var. Amma heç kim Putinin gözünə erməni eynəyi taxmağa müvəffəq olmayıb. Odur ki, erməni lobbiçiləri Rusiya telekanallarından nə qədər qışqırsalar da, Türkiyə və Azərbaycanın bizim düşmənimiz olmadığını yaxşı anlayırıq. Rusiya regionda belə balanslaşdırılmış siyasət aparır: Bakı və Ankara bizim tərəfdaşımızdır, onlarla birlikdə işləmişik, işləyirik və işləyəcəyik. Təbii ki, Türkiyə və Azərbaycanın xeyrinə birgə sərmayə qoyduğumuz çoxlu layihələrimiz var. Biz bu layihələri həyata keçirəcəyik. Heç bir erməni lobbisi də Rusiyanın milli maraqlarına ziyan vuraraq, Ermənistanın və ya erməni separatçılarının problemləri ilə məşğul olmasına nail olmayacaq. Bu olmayıb, yoxdur və məncə, olmayacaq".


Etiketlər:  Putinin gözünə erməni eynəyi taxmaq Korotçenko


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ