Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2023 17:30
Sentyabrın 23-də Ermənistanın paytaxtında amerikalı reper Snup Doqqun stadionda konserti planlaşdırılır.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Ermənistan hökuməti reperin konsertinə külli miqdarda sərmayə sərf edib. Erməni KİV-lərinin yazdığına görə, 2,3 milyard dramdan, yəni 6 milyon dollardan çox pul ayrılıb. Bura Snupun qonorarı, təhlükəsizlik tələblərinin təmin edilməsi, sığorta xərcləri, yüksək səviyyəli texniki təchizat və tanıtım tədbirlərinə verilən pullar daxildir.
Snup bir müddət əvvəl İrəvanda konsertini elan edərkən Qarabağ bölgəsini "Artsax" adlandıraraq təxribat xarakterli mesaj yayımlayıb, Azərbaycana qarşı hörmətsizlik edib.
Konsertə sayılı günlər qalmış reper ermənilərin qəzəbinə tuş gəlib. Belə ki, ermənilər Snupun paylaşımlarına Ermənistandakı konsertini təxirə salmasını yazıblar. Buna səbəb isə hazırda İrəvanda Qarabağdakı vəziyyətlə (sentyabrın 19-da Azərbaycan Qarabağda antiterror tədbirlərinə başlayıb və bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub - red.) bağlı etiraz aksiyaları keçirilməsi olub.
İnstaqram istifadəçiləri baş verənlərin fonunda reperin ölkədə çıxış etməsini istəmədiklərini qeyd ediblər. Bir çoxları tədbirin 99 faiz baş tutmayacağını yazıb. Tədbirin təşkilatçıları isə hələ rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Doqqla birlikdə İrəvanda keçiriləcək konsertdə 2020-ci ilin oktyabrında öz izləyicilərini mövcud olmayan "Artsax"ın ehtiyacları üçün vəsait ayırmağa çağıran reper Xzibit də iştirak edəcək.