Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2019 14:54
Bakı. Elçin Mehdiyev – Trend:
Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanması müstəqil Azərbaycanın tarixində növbəti əlamətdar hadisədir.
Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, bu, hər şeydən öncə Azərbaycanın beynəlxalq nüfuzu və kosmik kluba üzv olması ilə bağlıdır:
“Nəzərə almaq lazımdır ki, bu tədbir müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir və Konqresin işində Amerikanın vitse-prezidenti cənab Pensin iştirak etməsi bu tədbirin nə qədər əhəmiyyətli bir tədbir olmasından xəbər verir.
Belə bir mötəbər tədbirdə növbəti Konqresin Azərbaycanda keçirilməsi haqqında qərarın dəstəklənməsi əlbəttə ki, ölkəmizin inkişafı, beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi və ona olan inamın, etimadın, eyni zamanda son illər ərzində müasir texnologiyalar, kosmik sənaye sahələrində əldə edilmiş uğurlarının nəticəsidir. Hazırda Azərbaycanın 3 peyki var və Azərbaycanda kosmik sənaye inkişaf edir. Bəllidir ki, bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etmək üçün iddialı olan çox güclü rəqiblərimiz var idi.
Dörd şəhər Konqresin keçirilməsi üçün səy göstərirdi. Bunlar Bakı ilə yanaşı, Sinqapur, Rio-de-Janeyro və Dehli şəhərləri idi. Ancaq bu güclü rəqibləri arxada buraxaraq ev sahibliyi hüququ əldə edə bilməyimiz bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində nə qədər böyük nüfuza sahib olmasından xəbər verir. Bu, həm də tədbirin keçirilməsi üçün yetərli infrastruktur və lojistikaya malik olmamızın sübutudur”.
Deputat vurğulayıb ki, “Azərkosmos” qısa müddət ərzində çox böyük uğurlara imza atmaqla xidmət sahəsində ölkəmizin ən böyük ixracatçısına çevrilməyi bacarıb:
“Bütövlükdə isə “Azərkosmos” Azərbaycanın ixracat sektorunda üçüncü yerdədir. Bu göstərici təkcə neft və digər ənənəvi sahələrdə deyil, intellektual və innovativ texnologiyalar sahəsində də Azərbaycanın mühüm uğurlar əldə edə biləcəyinin sübutudur. Ancaq bir mühüm faktı da qeyd etmək lazımdır ki, “Azərkosmos”un idarə olunması və müvafiq xidmətlərin ixrac edilməsi həm də yüksək dərəcədə ixtisaslaşmış kadrlar sayəsində mümkün olan bir hadisədir ki, bu da müvafiq sahədə ölkəmizdə mühüm kadr potensialının mövcudluğundan xəbər verir.
Bununla yanaşı, peyk xidmətləri təkcə ixracat və valyuta əldə etmək vasitəsi deyil, həm də ölkəmizin informasiya təhlükəsizliyinin təmin edilməsi, fövqəladə hallarla bağlı önləyici tədbirlərin görülməsi üçün də əhəmiyyətlidir. Konqres eyni zamanda bütün dünyanın diqqətini bir daha Azərbaycana çevirməklə növbəti mərhələdə yeni müqavilələrin imzalanması, yeni texnologiyaların cəlb edilməsi, əməkdaşlıq etdiyimiz ölkələrin sayının və coğrafiyasının genişlənməsi hasidəsi olacaq. Bu da ölkəmizdə kosmik sənayenin inkişafı üçün yeni perspektivlər yaradacaq”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin