Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2023 15:38
Qondarma rejimin keçmiş "prezidentlər"i və bir qrup "dövlət və hərbi məmurlar" hələ də Xankəndidədir və onlar Ermənistana getməyiblər.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Erməni nəşri yazır ki, başda Araik Arutyunyan olmaqla bölücü "lider"lərin ailə üzvlərinin harada olduqları barədə heç bir məlumat yoxdur. Ermənistan cəmiyyəti onların Qarabağda qaldığı və yaxud gizli yollarla bölgəni tərk etdiyi barədə heç bir rəsmi məlumata malik deyil:
"Dünən isə bir qrup etirazçı Ermənistan və Rusiya hakimiyyətinə, o cümlədən beynəlxalq ictimaiyyətə müraciətlər edibdilər ki, onların Ermənistana gətirilməsi və Bakıda həbsdə olan "Artsax" nümayəndələrinin azad edilməsi üçün əllərindən gələni etsinlər".
Qəzet iddia edib ki, hazırda Ermənistan dövlətinin və diplomatiyasının əsas vəzifələrindən biri Türkiyə-Azərbaycanın siyahılarına daxil edilmiş və hələ də Qarabağda olan erməni hərbi, siyasi və ictimai xadimlərinin təxliyəsi olmalıdır:
"Hazırda hakimiyyət Türkiyə-Azərbaycanın planını qeyd-şərtsiz həyata keçirir. Bu gün erməni cəmiyyəti uğursuzluğa düçar olub. Məhz buna görə də Ermənistan hakimiyyəti səy göstərməli və Bakının planlarını pozmaq üçün bütün diplomatik rıçaqlardan istifadə etməlidir".
Xatırladaq ki, ötən gün hakimiyyətyönlü erməni KİV-i separatçı-xuntanın sabiq "başçılar"ının Ermənistana keçməsi ilə bağlı məlumatları tirajlayırdı. Daha sonra isə onların Qarabağda olması ilə əlaqədar məlumatlar yayıldı. Hazırda qondarma qurumun 3 sabiq "prezident"i - Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyandan xəbər yoxdur.