Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2023 12:15
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan xarici işlər nazirlərinin müavinləri Türkiyənin dəvəti ilə bu gün İstanbulda TDT Katibliyində çoxtərəfli məsləhətləşmələr aparmaq üçün bir araya gəliblər.
Sonxeber.net-ın TurkicWorld-ə istinadən məlumatına görə, görüşdə TDT-nin müşahidəçi üzvü olan Şimali Kipr Türk Cümhuriyyəti (KKTC), Macarıstan və Türkmənistandan olan nümayəndələr də iştirak edib.
İclasda Türkiyəni xarici işlər nazirinin müavini səfir Burak Akçapar, Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov, Qazaxıstandan xarici işlər nazirinin müavini Alibek Bakayev, Qırğızıstandan nazir müavini Aybek Moldoqaziyev, Özbəkistandan xarici işlər nazirinin müavini Babür Usmanov, TDT-nin baş katibi səfir Kubanıçbek Ömüraliyev və Şimali Kipr Xarici əlaqələr və siyasi məsələlər direktoru Aysan Mollaasan Atılgan, Macarıstanın İstanbul baş konsulu Attila Pinter və Türkmənistanın Ankaradakı səfiri Mekan İşanquliyev iştirak edib.
Görüşlər zamanı noyabrın 3-də Qazaxıstanın ev sahibliyi ilə Astanada keçiriləcək TDT-nin 10-cu Sammitinə hazırlıq, təşkilatın gündəliyində duran əməkdaşlıq məsələləri, TDT-nin gücləndirilməsi ilə bağlı məsələlər, bu sahədə aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində sentyabrın 22-də Nyu-Yorkda Türkevidə keçirilən TDT Xarici İşlər Nazirləri Toplantısında müzakirə olunan məsələlər də izlənilib.
İştirakçılar oktyabrın 1-də Ankarada baş vermiş terror aktını qətiyyətlə pisləyib və terrorla mübarizədə Türkiyə ilə həmrəy olduqlarını bildiriblər.
İştirakçılar həmçinin Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını və təşkilata üzv olan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.