Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2019 18:24
Bakı. Trend:
«Yeni Müsavat» qəzetinin 30 illik yubileyi Azərbaycan Mətbuat Şurasında qeyd edilib. Bu münasibətlə bu gün Şuranın İdarə Heyəti üzvlərinin toplantısı keçirilib.
Şuradan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, müasir dövr jurnalistikamızın ən populyar media orqanlarından olan «Yeni Müsavat» qəzetinin fəaliyyətdə olduğu ötən 30 il həm ümumən ölkəmizin, həm də mediamızın tarixi baxımdan son dərəcə mühüm mərhələdir.
Bu mərhələyə nəzər salarkən görürük ki, yubilyar nəşrin müstəqillik, istiqlal baxışlarının carçısı olan ideoloji mərkəzdən peşəkar jurnalistika məktəbi statusunadək olan inkişafından danışmaq üçün kifayət qədər dolğun əsaslar var. «Yeni Müsavat» özlüyündə bir tarixdir. Bu tarixin yaradılması üçün əməksevərliyin, prinsipiallığın, qətiyyətin peşəkarlıqla çulğalaşması tələb olunurdu ki, bu missiyanı da Rauf Arifoğlu başda olmaqla nəşrin kollektivi üzərinə götürməyi bacardı. Nəticə etibarilə «Yeni Müsavat» milli ruhlu nəşr statusu qazandı. Belə bir zirvənin fəthi 30 ilin ən böyük mükafatıdır», - deyən Ə.Amaşov rəhbərlik etdiyi qurumun diplomunu «Yeni Müsavat» qəzetinin baş redaktoru R.Arifoğluna təqdim edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli «Yeni Müsavat» qəzetinin fəaliyyətə başladığı dövrün çətinliklərindən söz açıb. Belə bir şəraitdə mətbu orqan təsis etməyin fədakarlıq olduğunu vurğulayıb. O bildirib ki, zaman keçdikcə yubilyar nəşr daha da inkişaf edib. Bu günün «Yeni Müsavatı»ı istər yayımı, istərsə də tirajı baxımından ön sırada dayanan kütləvi informasiya vasitəsidir.
MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev «Yeni Müsavat» qəzetinin böyük yol keçdiyini vurğulayıb. Baş redaktor bildirib ki, həmin yolun uğurunu şərtləndirən cəhət nəşrin həm siyasi, həm də sırf yaradıcılıq baxımından özünü təsdiqləyə bilməsidir. Buna görə də günümüzün «Yeni Müsavat» qəzeti həm də peşəkar jurnalistika məktəbidir.
MŞ İdarə Heyətinin üzvü, «APA Group»un rəhbəri Vüsalə Mahirqızı da çıxışında «Yeni Müsavat» qəzetini məktəb kimi səciyyələndirib. O, fikrini əsaslandırarkən bildirib ki, Qafqazın ən böyük media resursu statusuna layiq fəaliyyət göstərən yubilyar KİV-in yetirmələri hazırda digər media orqanlarında uğurla çalışmaqdadırlar. V.Mahirqızı həmçinin bildirib ki, «Yeni Müsavat» qəzetinin hazırkı yüksək mövqeyi Rauf Arifoğlunun xidmətidir. Baş redaktorun yaratdığı işgüzar mühit nümunədir. Həmçinin onun müstəsna əməyinin nəticəsidir ki, ənənəvi mediadan onlayn mediaya uğurlu transformasiyanın modelinə çevrilmiş qəzet Azərbaycanın media brendi statusundadır.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1989-cu ildə müstəqil qəzet yaratmağın məziyyətlərindən söz açıb. O bildirib ki, çətinliklərə qatlaşmaq əzmi «Yeni Müsavat»ı Azərbaycanın ictimai rəyində oturuşmuş media orqanına çevirib. Nəşrin qazandığı mövqeni qoruyacağına əminliyini ifadə edən V.Rəhimzadə bunun üçün qəzetin yaradıcı potensialının və zəngin təcrübəsinin olduğunu vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, «Teleqraf Holdinq»in rəhbəri Aynur Camalqızı qeyd edib ki, ötən 30 illik müddət «Yeni Müsavat»a Azərbaycan dövləti var olduqca var olma təminatını qazandırıb. Bu, nəşrin son dərəcə böyük uğurudur və onun əldə edilməsi baş redaktor kimi R.Arifoğlunun müstəsna əməyinin, dözümünün həm nəticəsi, həm bəhrəsi, həm də mükafatıdır.
«Yeni Müsavat» qəzetini Azərbaycan mediasının simvolu və rəmzi kimi dəyərləndirən MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, yubilyar nəşr ən çətin dövrlərdə etibarlı tribuna rolunu oynamağı bacarıb. E.Mirzəbəyli eyni zamanda əminliyini vurğulayıb ki, «Yeni Müsavat»ın müasir müstəqillik dövrü tariximizdə daşıdığı missiya zamanla ciddi tədqiqatlar mövzusu olacaqdır.
MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl «Yeni Müsavat» qəzetinin keçdiyi yolun örnək mahiyyət daşıdığını bildirib. O, qeyd edib ki, nəşrin bu günkü simasını və statusunu baş redaktor R.Arifoğlunun özünün peşəkar jurnalist kimi mahiyyəti, məxsusi yanaşma tərzi şərtləndirir.
MŞ İdarə Heyətinin üzvü Azər Həsrət deyib ki, «Yeni Müsavat» qəzeti müstəqillik dövrü Azərbaycan tarixinin mühüm salnaməçisi kimi diqqət çəkən mətbuat orqanıdır. Bu cəhət xalqa xidmətin ən mühüm göstəricisidir. Yubilyar nəşrin ötən 30 illik fəaliyyət dövrü xalqa xidmətin ən müxtəlif təzahür formaları ilə zəngindir. Qəzetin hadisə və proseslərə münasibətindəki obyektivlik isə onun ictimai rəydəki başlıca populyarlıq təminatçısıdır.
MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxışında «Yeni Müsavat»ın fəaliyyətə başladığı dövrə ekskurs edib. Bu baxımdan yaddaqalan məqamları diqqətə çatdıran Y.Məmmədli nəşrin dayanıqlı inkişaf yolunda olduğunu bildirib və əlavə edib ki, bu inkişaf bütövlükdə Azərbaycan mediasının ruhundan, mahiyyətindən irəli gələn mühüm göstəricidir.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli yubilyar nəşrin hər zaman milli xəttə sadiqliyini vurğulayıb. Bu mövqeni peşəkarlıq meyarı kimi dəyərləndirən M.Ələsgərli nəşrin əldə etdiyi uğurların məğzində R.Arifoğlu obrazının dayandığını önə çəkib.
MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, «Yeni Müsavat» qəzetinin 30 illik fəaliyyət dövrü böyük iradə və gücün təntənəsi kimi meydana çıxan prosesdir. O, yubilyar nəşri Azərbaycan tarixi baxımından mühüm mənbə kimi qiymətləndirib. A.Aşırlı həmçinin vurğulayıb ki, «Yeni Müsavat» Azərbaycanda ciddi jurnalist nəslinin formalaşmasında müstəsna xidmətləri olan mətbuat orqanıdır. Ən əsası isə qəzet milli ruhludur.
MŞ İdarə Heyətinin üzvü, «Azadinform» İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev «Yeni Müsavat»ı ölkəmizin informasiya təminatındakı mühüm etibarlı mərkəz kim xarakterizə edən cəhətlərə toxunub. Nəşrin gələcəkdə daha ğöyük uğurlar əldə edəcəyinə əminliyini ifadə edib.
«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, «Yeni Müsavat» ümumxalq qəzeti kimi yaranmış media orqanıdır. T.Aydınoğlu nəşrin sonrakı illərdəki fəaliyyətinin tutduğu mövqeyindən, hadisə və proseslərə yanaşmasından asılı olmayaraq, bu xəttə sadiqlik ruhuna kökləndiyini önə çəkib.
MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev çıxışında «Yeni Müsavat»ı milli ideya və ideallara sadiq peşəkar insanların eyni zamanda jurnalistikaya sevgi, bütövlükdə söz sənətinə böyük ehtiramla çalışdıqları mərkəz olaraq dəyərləndirib.
Sonda çıxış edən «Yeni Müsavat» qəzetinin baş redaktoru R.Arifoğlu rəhbərlik etdiyi KİV-in, eləcə də özünün ötən 30 ildəki jurnalistlik fəaliyyətinin yaddaqalan anlarından söz açıb, xatirələrini bölüşüb. Toplantı iştirakçılarına təşəkkürünü bildirən R.Arifoğlu eyni zamanda vurğulayıb ki, ötən 30 ildə baş redaktor kimi göstərdiyi fəaliyyət ona dəyərli həmkarlar qazandırıb və onlar yanaşma tərzlərindən, mövqelərindən asılı olmayaraq, özlərini həmkar kimi təsdiqləməyi bacarıblar. Bu cəhət isə Azərbaycan jurnalistikasının özünəxas keyfiyyət göstəricisidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin