Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycan rəqəmsal iqtisadiyyatın qurulması üçün bütün imkanlara sahibdir"

Tarix: 26 Oktyabr 2023 11:16

Dünyada baş verən bu proseslər ölkəmizin də qarşısında zamanın çağırışlarına cavab vermək, iqtisadi inkişafda yeni hədəflərə çatmaq kimi vəzifələr formalaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "Critical Infrastructure Defence Challenge 2023" tədbirində çıxışı zamanı deyib.

"Mövcud vəziyyətdə Azərbaycan Respublikası iqtisadiyyatın rəqəmsallaşması, rəqəmsal iqtisadiyyatın qurulması və dayanıqlı inkişaf üçün bütün imkanlara sahibdir. Sürətli inkişaf səviyyəsində olan dövlətlərdə olduğu kimi, ölkəmiz üçün də iqtisadiyyatın rəqəmsallaşdırılması, rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi prioritetlər sırasındadır. Ölkəmizin yerləşdiyi unikal coğrafi mövqe, təbii resursları, həmçinin qiymətli insan resursları, eləcə də son illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət Proqramları, Sərəncam və Fərmanlar buna tam imkan verir.

Rəqəmsallaşma nəticəsində virtual dünyada var olmaq artıq məlumatlarımızın təhlükəsizliyini qorumağı bizdən tələb edir. İstər fiziki şəxslər, istərsə də bizneslər texnologiyaların gətirdiyi üstünlüklərlə daxili və xarici kiber hücumlardan özlərini müdafiə etməyə çalışırlar. Bu hücumlardan qorunmaq və məlumatların təhlükəsizliyini təmin etmək üçün isə kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac duyulur.

Qeyd etməliyəm ki, təhsilli, savadlı kadrların formalaşması, o cümlədən biznes mühitinin inkişafına birbaşa təsir edən amillərdən biridir. KOBİA olaraq biz KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıyıq. İKT və kibertəhlükəsizlik sahəsində çalışan əməkdaşlar informasiya təhlükəsizliyinin əsas prinsiplərini başa düşməli, etibarlı şifrələr seçməli, göndərilən və qəbul edilən e-poçt və əlavə edilən fayllara diqqət yetirməli və məlumatların ehtiyat nüsxəsinin digər mənbələrdə etibarlı saxlanılmasını təmin etməlidir.

İnnovasiyalarla, o cümlədən İKT və kibertəhlükəsizlik sahəsində işləyən sahibkarlara KOBİA-ya tərəfindən startap şəhadətnamələrinin verilməsi mümkündür. Startap şəhadətnaməsini alan mikro və kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

Eyni zamanda bu sahədə fəaliyyət göstərən sahibkarlar KOBİA tərəfindən təhsil, elm, tədqiqat və dəstək layihələrin maliyyələşdirilməsi məqsədilə keçirilən qrant müsabiqələrində də iştirak edə bilərlər. Müsabiqələrin keçirilməsi barədə elanlar və onların nəticələri haqqında məlumatlar mütəmadi olaraq KOBİA-nın rəsmi internet saytında yerləşdirilir, o cümlədən bu barədə kütləvi informasiya vasitələri ilə ictimaiyyət məlumatlandırılır. Məlumat üçün qeyd edim ki, KOBİA yanında İctimai Şurada Azərbaycan Kibertəhlükəsizlik Təşkilatı Assosiasiyası da təmsil olunur.

KOBİA olaraq ölkəmizdə KOB-ların rəqəmsallaşması, İKT və kibertəhlükəsizlik sahələrində peşəkar mütəxəssislərin yetişdirilməsi və bu sahədə fəaliyyət göstərən tədris və təlim mərkəzlərinin sayının artmasında maraqlıyıq və bu istiqamətdə səlahiyyətlərimiz çərçivəsində dəstək göstərməyə hazır olduğumuzu bir daha bildirmək istərdim", - deyə O.Məmmədov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində "Critical Infrastructure Defence Challenge 2023" (CIDC-2023) tədbiri keçirilir.

Milli.Az


Etiketlər:  Azərbaycan rəqəmsal iqtisadiyyatın qurulması üçün bütün imkanlara sahibdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ