Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanrını Qiyamətə “məcburetmə” ideyası... - Ağar

Tanrını Qiyamətə “məcburetmə” ideyası... - Ağar

Tarix: 2 Noyabr 2023 11:10

Allah öz yaratdığına qıyılmasını istəyə bilərmi? Bura həm insanlar, həm təbiət, ümumiyyətlə, bütün yaradılanlar daxildir. Hazırda Yaxın Şərqdə Allahın yaratdıqlarını yox etməyi qanuni hesab edən və bunun icazəsini aldığını deyən bir yanaşma, doqma ilə qarşı-qarşıyayıq.

Sonxeber.net bildirir ki, bu sözləri Axar.az-a İsrail və HƏMAS arasında gedən müharibənin ideoloji əsasları haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert dünyada böyük güclərin öz maraqları naminə bütün sistemi içindən çıxılması çətin olan bir vəziyyətə gətirdiklərini vurğulayıb:

"Əlbəttə ki, biz bütün insanların inancına hörmətlə yanaşırıq. Hamı istədiyi hər şeyə inana bilər və Allah qarşısında hər kəs öz imtahanını verəcək. Amma bu bir siyasətə, ideologiyaya, strategiyaya, geosiyasətə çevriləndə ortaya çox böyük problemlər çıxmağa başlayır. Adamlar Qiyamət müharibəsi edəcəklərini deyirlər. Bunu elmi ədəbiyyatda "Tanrını Qiyamətə məcbur etmək" kimi də adlandırırlar. Bu gün dünyanın ən güclü dövlətlərinin ətrafında yuvalanmış mileniumçular (qədim Misirdə ortaya çıxıb. Bu ideyaya görə, hər min ildən bir Qiyamət olmalıdır və buna hazırlıq aparılırdı. Sonradan bu inanc xristianlığa keçib. İnanca görə, min ilin sonunda Həzrəti İsa son Qiyamət müharibəsini aparmaq üçün Yer üzündə zühur edəcək), armagedonçular (Qüdsün və "vəd edilmiş torpaqlar"ın (Nildən Fərata kimi) yəhudilərin hakimiyyəti altında olmasına inanırlar. Onların inancına görə, Həzrəti İsa Qüdsdə zühur edəcək), Melhame-i kübraçılar (İslam dininə görə, insanlıq tarixinin ən qanlı müharibəsinə verilən addır, Dəccalın gəlişindən əvvəl baş verəcək), Megido dağçılar (Megido dağı (təpəsi) İsrailin eyniadlı bölgəsində yerləşir. Xristianlıq və yəhudilik inancına görə, bütün döyüşçülər burada toplanacaq, müharibə dünyanı xaosa sürüklədiyi üçün Qiyamət qopacaq) və başqaları belə teoloji yanaşmaları ilə böyük təhlükələrə səbəb olurlar. Yəni son nəticədə bunlar Qiyaməti gətirəcək müharibəni etmək, dünyaya hökmran olmaq istəyirlər. Çox qorxunc bir dini qavram böhranı içərisindədirlər və belə getsə, bütün bəşəriyyəti fəlakətə sürükləyəcəklər. Ədalətli ola bilmədikləri, beynəlxalq hüquqa əməl etməyi bacarmadıqları, qarşılıqlılıq prinsipini, insani dəyərləri heçə saydıqları, yolları tıxadıqları üçün bütün sistemi dağıdıb yenidən qurmaq ehtiyacı duyurlar və buna görə də belə şeylərin arxasınca gedirlər".


Etiketlər:  Tanrını Qiyamətə məcburetmə ideyası Ağar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ