Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirk nədir?

Şirk nədir?

Tarix: 3 Noyabr 2023 07:16

Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Görürsən ki, insanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, Peyğəmbərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Uca Allah buyurur: "Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar". (Yusuf, 106).
Yəni, insanların çoxu Uca Allahın yaradan, ruzi verən və idarə edən olmasına inandıqları halda Allahdan qeyrilərinə ibadət edərək Ona şərik qoşurlar. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında Allaha şərik qoşan müşriklər Allahın yaradan, ruzi verən və idarə edən olduğunu təsdiqləyirdilər, lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır, onlara dua edir, onlardan yardım diləyirdilər. Uca Allah buyurur: "De: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?" Onlar: "Allahındır!" - deyəcəklər. De: "Bəs düşünüb ibrət almayacaqsınız?" De: "Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?" Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs qorxmursunuz?" De: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?" Onlar: "Allahdır!" - deyəcəklər. De: "Bəs necə olur ki, aldanırsınız?" (əl-Mu'minun, 84-89).
Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi verdiklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad edirdilər ki, bütün bunları edən Allahdır. Onlar bilirdilər ki, yaradan yalnız Uca Allahdır və Ondan başqa hər şey məxluqdur. Lakin onlar ibadətdə bütləri Allahla özləri arasında vasitə edir, bu bütlərin onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar. Bu barədə Uca Allah buyurur: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik" - deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz". (əz-Zumər, 3).
Müşriklər ibadətdə Uca Allaha şərik qoşduqlarına görə Uca Allah onları İslama daxil etməmişdir. Uca Allaha şərik qoşmaq ən böyük günahdır və Allaha qarşı edilən ən böyük haqsızlıqdır. Uca Allah buyurur: "Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman, 13).
Uca Allaha şərik qoşanın bütün əməlləri boşa çıxır. Uca Allah buyurur: "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan". (əz-Zumər, 65).
İnsan bu günahdan tövbə etmədiyi halda ölərsə, Uca Allah onu heç vaxt bağışlamayacaq: "Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisə, 48).
 Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurdu: "Mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi Mənə şərik qoşarsa, onu da, onun qoşduğu şəriki də tərk edərəm". (Muslim, 2985).


Etiketlər:  Şirk nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ