Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkda Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümü qeyd olunub - FOTO

Nyu-Yorkda Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümü qeyd olunub - FOTO

Tarix: 7 Noyabr 2023 08:39

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən "Yale klubu"nda müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, anım gecəsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Amerika-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə ABŞ-da fəaliyyət göstərən diplomatik təmsilçiliklərin nümayəndələri, Azərbaycan, Türkiyə və digər türk dövlətlərini təmsil edən səfirlər, diplomatlar, müxtəlif ştat və şəhərlərdə yaşayan diaspor fəalları, ziyalılar və yerli ictimayyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri müdrik dövlət xadimi Heydər Əliyevin zəngin dövlətçilik irsindən və onunla bağlı xatirələrindən danışıb.

Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyev çıxışında qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Diplomat bildirib ki, ölkəmizin Ulu Öndər tərəfindən möhkəm təməllər əsasında qurulan ərazi bütövlüyünün bərpa olunması - 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Azərbaycanın Vaşinqtondakı səfirliyinin konsulu Vüqar Qurbanov Heydər Əliyevin xalqı qarşısında müstəsna xidmətlərindən danışıb, Ulu Öndərin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətlərindən bəhs ediblər.

Gecədə Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Heydər Əliyevlə görüşündən və Ulu Öndərlə bağlı xatirələrindən danışıb. Sənətçinin ifasında səslənən "Çahargah" muğamı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, tanınmış pianoçu, Azərbaycanın əməkdar artisti Nərgiz Əlyarovanın ifasında "1001 gecə" baletindən "Oxatanların rəqsi" əsəri ifa olunub.

Daha sonra Hartford Universitetinin professoru Kamilla Məmmədovanın pianoda ifasında görkəmli bəstəkar Qara Qarayevin repertuarından mahnılar səsləndirilib.

Tədbirdə Nyu-Yorkda yaşayan azərbaycanlı rəssam-heykəltaraş Emin Quliyevin Ulu Öndərin 100 illik yubleyinə ərməğan etdiyi abidə təqdim olunub.

Gecənin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunan sənədli film nümayiş olunub.

Milli.Az


Etiketlər:  Nyu Yorkda Ümummilli Lider Heydər Əliyevin 100 ildönümü qeyd olunub FOTO


RƏYLƏR