Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Assosiasiya: "İxracın tənzimlənməsi bəzən problem yaradır"

Assosiasiya:

Tarix: 7 Noyabr 2023 16:44

Azərbaycanda 1997-ci ildən qüvvədə olan "İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları" bəzən ixracla məşğul olan sahibkarlara problem yaradır.

Milli.Az bildirir ki, bunu "Report"a açıqlamasında "Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Qadir Yusifov bildirib.

"Qaydalara görə, fiziki və hüquqi şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycandakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxraçatçılar isə çox vaxt bu tələbə özlərindən asıl olmayan səbəblərdən əməl edə bilmirlər", - deyə o qeyd edib.

"Xurma yaş məhsuldur, zədələnir"

"Problem ondadır ki, xurma ixracı zamanı (məhsul qablaşdırılanda, yüklənəndə, nəqliyyatla daşınanda, boşaldılanda) onlarda müəyyən zədələnmələr olur. Çünki xurma yaş məhsuldur. İxrac etdiyimiz ölkədəki tərəfdaşlarımız isə məhsulu qəbul edəndə ondakı dəyişiklikləri görür və bundan sui-istifadə edir. Əgər xurmada zədələnmə 5 %-dirsə, qarşı tərəf bunu 10 % qeyd edir. Müqaviləyə əsasən ödəniş ediləndə də deyilir ki, zərər ödənişdən çıxılacaq. Yəni, bu kimi hallar rəsmi qaydada, müqavilə əsasında ixrac edilmiş məhsullarda olur və əvvəlcədən bəyan etdiyimiz məbləğ ölkəyə daxil olmur. Bu isə problem yaradır", - deyə o qeyd edib.

DGK məhkəməyə və prokurorluğa müraciət edir

"Vəsait tam şəkildə 180 gün ərzində hesaba oturmayanda isə Dövlət Gömrük Komitəsi (DGK) ixracatçılara bildiriş göndərir, daha sonra məhkəməyə və prokurorluğa müraciət edir. Dəfələrlə biz assosiasiya olaraq Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə müraciət etmişik ki, ixracatçılar bu problemi yaşamaması üçün 1997-ci ilin qərarında dəyişiklik etmək lazımdır. Ölkədən ixrac edilən meyvə-tərəvəzin 10 %-nin pulu geri dönmürsə, bu nəzərə almalıdır. Çünki, bu kimi hallar ixracatçıları motivasiyadan salır", - deyə sədr əlavə edib.

AQTA-nın regional şöbələri olsaydı ...

Xurma ixracatçılarına problem yaradan daha bir məqam isə məhsullarını analiz etdirmək üçün Bakıya üz tutmağa məcbur olmalarıdır. Q.Yusifov deyir ki, bu məsələ yalnız paytaxtda mümkündür: "Çünki Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional şöbələri yoxdur. Odur ki, bütün bölgələrdən xurma ixracatçılara Bakıya gəlirlər. Regional şöbələr olsaydı, bu məsələ yerində həll olunardı, sahibkarlar əlavə əziyyət çəkib, vaxt sərf etməzdi".

Bu il xurma boldur

Bu il Azərbaycanda xurma boldur. Sədr deyir ki, sentyabrın əvvəllərində bağlarda müəyyən xəstəliklər yayılsa da, məhsullara ciddi ziyan dəyməyib: "Bağlar müəyyən qədər ziyan görüb. Bunun da səbəbi aqrotexniki qaydalara riayət olunmamasıdır. Aqronomlar yoxdur, ona görə də fermerlər kortəbii şəkildə işləyirlər. Yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları fermerlərlə tez-tez maraqlanıb onların əsas problemlərini vaxtında qeydə alsınlar, müəyyən məsələlərin qarşısını vaxtında alsınlar. Ümumilikdə isə xurma istehsalı normaldır və bolluq olacağını güman edirəm".

Müharibəyə baxmayaraq Ukraynaya ixrac var

Q.Yusifov builki ixracın coğrafiyası barədə də danışıb: "Davamlı ixracımız Rusiyayadır. Bununla yanaşı, Belarusa, bəzi ərəb və Avropa ölkələrinə - Macarıstana, Rumıniyaya, hətta müharibəyə baxmayaraq Ukraynaya ixrac var. Bu ölkəyə məhsul Gürcüstandan Türkiyəyə, oradan isə Bolqarıstana keçməklə göndərilir".

Milli.Az


Etiketlər:  Assosiasiya İxracın tənzimlənməsi bəzən problem yaradır


RƏYLƏR