Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şuşada işlə təmin olunmaq istəyirəm" - VİDEO

Tarix: 9 Noyabr 2023 13:20

"Şuşa sərin bir şəhərdir. Yay mövsümündə belə insanlar orada gödəkçə ilə gəzir. Şuşaya gedib, orada qalanda pəncərəni açıq qoyub, yatdım. O havanı udmaq üçün gecədən səhərə kimi pəncərəni bağlamadım. Səhər yuxudan ayıldım, eyvana çıxdım, sevincimdən qışqırdım". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Xuraman Şuşalı qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib. 

Əslən Şuşadan olan sənətçi o torpağa uzun illərdən sonra yenidən ayaq basan zaman vəziyyətinin ağırlaşdığını bildirib: 

"Şuşaya gedəndə yolda halbahal oldum, təzyiqim gah qalxdı, gah da endi. Çox ağırlaşdım. Şuşaya bir böyük heyətlə getmişdik. Həyat yoldaşım söylədi ki, çalış yat. Çünki yuxuya getsən, rahat olacaq. Dağlardan keçirdik, baxıb deyirdim ki, şəhidlərimiz bu dağlara necə qalxıblar. Onlar Şuşanı bizə necə qaytarıblar... Yuxarıda erməni, aşağıda isə əsgərlərimiz. Onlar yuxarıya necə qalxıblar... Həm bu, həm uşaqlıq, həm də Şuşanı tərk etdiyimiz hisslər o anda bir-birinə qarışmışdı. Dəli halına gələcək vəziyyətdəydim". 

Xuraman ailəlikcə bərabər Şuşaya köçüb orada yaşamaq və işlə təmin olunmaq istədiyini dilə gətirib: 

"Şuşaya köçüb, orada yaşamaq istəyirəm. Bu haqda isə çox düşünürəm. Ailəli olsam da, o torpağa geri qayıtmaq istəyirəm. Mən də, həyat yoldaşım da Şuşada işlə təmin olunmağımızı istəyirik. Biz orada həm yaşamağa, həm də işləməyə hər an hazırıq. Orada məktəb tikilib. Dörd övladımın da Şuşada yaşamasını istəyirəm. Həyat yoldaşım da işindən ayrılar, (Xuraman Şuşalının həyat yoldaşı Elçin Məmmədov "İctimai" televiziyada rejissor kimi fəaliyyət göstərir - red.) Şuşada işləyər. Artıq ona bunu demişəm". 

Qeyd edək ki, X.Şuşalı kiçik yaşlarında Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə bərabər Şuşanı tərk etmək məcburiyyətində qalıb. 

Milli.Az


Etiketlər:  Şuşada işlə təmin olunmaq istəyirəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ