Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Noyabr 2023 16:50
ABŞ Televiziya və Radio Aktyorları Federasiyası (SAG-AFTRA) Kino Film və Televiziya İstehsalçıları Alyansı (AMPTP) ilə üzvlərinə tətili dayandırmaq imkanı verən ilkin razılaşma əldə edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə SAG-AFTRA bəyan edib.
"9 noyabr saat 00:01-də (Bakı vaxtı ilə 9:01) tətilimiz rəsmi olaraq dayandırıldı, bütün piket yerləri bağlandı", - deyə federasiyanın "X" sosial şəbəkə hesabında vurğulanıb.
Bildirilir ki, dəyəri bir milyard dollardan çox olan sazişin bir hissəsi olaraq fövqəladə miqyaslı sövdələşməyə imza atılıb. Müqaviləyə minimum ödənişlərin artması, federasiya üzvlərini süni intellekt təhdidlərindən qorumaq tədbirləri daxildir və ilk dəfə olaraq yayımlarda iştirak üçün bonus daxildir.
Qeyd edək ki, təxminən 160 min insanın maraqlarını təmsil edən SAG-AFTRA-nın tətili iyulun 14-də başlayıb və ABŞ kino sənayesində bütün istehsalı faktiki olaraq dayandırıb.
Xatırladaq ki, həmin vaxt dünyanın ən maraqla gözlənilən ekran əsərlərindən biri olan "Oppenheimer"in təqdimatında tətilin başladığını eşidən filmin ulduz heyəti tədbiri qəfil tərk edərək hər kəsi şoka salmışdı.
Aktyorlar maaşlarının artırılmasını, iş vaxtından artıq işlərə görə kompensasiyaların ödənilməsini və kinoda süni intellektdən istifadəyə məhdudiyyətlərin qoyulmasını tələb ediblər.