Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Noyabr 2023 21:02
Təvəssül sözü vəsilə axtarmaq deməkdir. Təvəssül insanın öz istəyinə nail olması üçün vəsilə axtarmasına deyilir. Qurani-Kərimdə vəsilə sözü iki dəfə işlənmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona yaxınlaşmaq üçün vəsilə axtarın və Onun yolunda cihad edin ki, bəlkə nicat tapasınız" (əl-Maidə, 35).
Həmçinin buyurur: "Onların yalvardıqları məbudların özləri də Rəbbinə - hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir" (əl-İsra, 57).
Bu ayə cinlərə ibadət edən bir dəstə ərəb barəsində nazil olmuşdur. Uca Allah xəbər verir ki, həmin şəxslər özləri də hiss etmədən cinlər İslamı qəbul edib Allaha yaxınlaşmaq və Onun razılığını qazanmaq üçün xeyirxah əməlləri vasitə götürürlər. Bundan aydın olur ki, vəsilə dedikdə ibadətlər və xeyirxah əməllər vasitəsilə Allaha yaxınlaşmaq nəzərdə tutulur.
Təvəssülün növləri
Təvəssül, icazə verilən və qadağan olunan olmaqla, iki qisimdən ibarətdir.
İcazə verilən təvəssül İslam şəriətinin icazə verdiyi şəkildə olan təvəssüldür. Bundan qeyriləri qadağan olunmuş təvəssülə aiddir. İcazə verilən təvəssül isə üç növdür:
Birincisi, Allahın gözəl adları və əzəmətli sifətləri ilə təvəssül etmək. Müsəlman dua etdikdə deyir: "Allahım, Səndən bağışlanmağımı diləyirəm! Axı Sən Mərhəmətlisən, Rəhmlisən!" və ya deyir: "Allahım! Səndən hər şeyi əhatə edən mərhəmətinlə məni bağışlamanı diləyirəm!"
Təvəssülün bu növünə dəlil Uca Allahın bu ayəsidir: "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsilə dua edin" (əl-Əraf, 180).
İkincisi, insanın hər hansı bir yaxşı əməl vasitəsilə təvəssül etməsidir. Məsələn, adam deyir: "Allahım, Sənə olan imanıma görə, Sənə olan sevgimə görə, Sənin elçinə etdiyim itaətə görə məni bağışla!", yaxud deyir: "Allahım, Sənin peyğəmbərin Muhəmmədə olan sevgimə, bir də ona olan imanıma görə mənim işimi səhmana sal." Ya da ki, insanın nə vaxtsa etdiyi bir yaxşı əməli xatırlatmaqla təvəssül etməsidir. Təvəssülün bu növünə dəlil Uca Allahın bu ayələridir: "O kəslər ki: "Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!"- deyirlər" (Ali-İmran, 16); "Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və göndərdiyin elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!" (Ali-İmran, 53).
Üçüncüsü, dualarının qəbul olacağı güman olunan əməlisaleh bir şəxsin duası ilə təvəssül etmək. Məsələn, bir əməlisaleh, təqvalı bir şəxsin yanına gedib ondan düşdüyü çətinlikdən qurtulması və işinin asanlaşması üçün dua etməsini istəyir. Bu növ təvəssülün icazə verilməsinə dəlil səhabələrin Peyğəmbərin yanına gələrək onlar üçün ümumi və xüsusi şəkildə dua etməsini istəmələridir. Ənəs rəvayət edir ki, Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - cümə günü xütbə verərkən bir nəfər minbərin qarşısındakı qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ya Rəsulullah, mal-qara məhv oldu, yollar bağlandı, Allaha dua et ki, bizə yağmur endirsin." Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir! Allahım, bizə yağmur endir!" Vallahi, həmin an biz göydə nə bir bulud, nə bir bulud parçası, nə də başqa bir şey görürdük. Bizimlə Səl dağının arasında nə bir ev, nə də bir koma vardı. Bu vaxt dağın arxasından qalxanabənzər bir bulud göründü. O gəlib göyün ortasına çatdıqdan sonra ətrafa yayıldı və yağış yağmağa başladı. Vallahi, altı gün biz günəşi görmədik. Növbəti cümə günü Peyğəmbər xütbə verərkən yenə bir nəfər həmin qapıdan içəri daxil oldu və Peyğəmbərlə üzbəüz durub dedi: "Ya Rəsulullah, mallar zay oldu, yollar bağlandı. Allaha dua et ki, yağışı dayandırsın. Peyğəmbər əllərini göyə qaldırıb dedi: "Allahım, yağışı üstümüzə deyil, ətrafımıza yağdır. Allahım, onu təpələrə, dağlara, bağlara, yamaclara, vadilərə və ağac bitən yerlərə yağdır!" Yağış kəsdi və biz günəşli havada gəzişmək üçün bayıra çıxdıq..." (Səhih əl-Buxari, 1013; Səhih Muslim, 897).
Peyğəmbər ümmətindən yetmiş min nəfərin sorğu-suala çəkilmədən və əzaba düçar olmadan Cənnətə girəcəyini bildirərkən demişdir: "Bunlar özlərinə ovsun oxunmasını tələb etməyən, hər hansı bir hadisəni uğursuzluq əlaməti saymayan, müalicə məqsədilə bədəninə dağ basmayan və yalnız Rəbbinə təvəkkül edən kimsələrdir." Bu vaxt Ukkaşə ibn Mihsən ayağa qalxıb dedi: "Ya Rəsulullah, Allah dua et ki, məni onlardan etsin!" Peyğəmbər: "Sən onlardansan"- dedi." (Səhih əl-Buxari, 5705; Səhih Muslim, 218).
Həmçinin, Uveys əl-Qərani barəsində olan hədis də buna dəlildir. Həmin hədisdə Peyğəmbər demişdir: "Ondan sizlər üçün bağışlanma diləməsini istəyin." (Mişkat əl-Məsabih, 6257).
Bu növ təvəssül yalnız diri olan kimsədən istənilə bilər, ölülərə gəlincə isə onlardan bunu diləmək olmaz. Çünki o, hər hansı bir əməli etmək iqtidarında deyildir.
Qadağan olunmuş təvəssül isə şəriətdə buyurulmayan əməllərlə edilən təvəssüldür. Bu növ təvəssülün biri digərindən daha təhlükəlidir. Bu növə aşağıdakılar daxildir:
Birincisi, Allaha, ölülər və mövcud olmayan şəxslər vasitəsilə dua edib onlardan kömək istəməkdir. Bu, insanı İslamdan çıxardan, tövbə etmədiyi təqdirdə Cəhənnəmə daxil edən böyük şirkdir.
İkincisi, Allaha, qəbirlərin və məqbərələrin yanında dua edib onlara ibadət etmək, onların üstünü tikib ucaltmaq, üzərinə lampa qoymaq, örtük salmaq və s. ilə olan təvəssüldür ki, bu da tövhidin kamilliyinə zidd olan kiçik şirkdir. Bu isə böyük şirkə aparan bir yoldur.
Üçüncüsü, Allaha, peyğəmbərlərin və əməlisaleh insanların Allah yanında olan hörmətləri, yüksək məqamları və dərəcələri vasitəsilə təvəssül etməkdir ki, bu da haram sayılır, daha dəqiq desək, bu, sonradan meydana çıxmış bidətlərdəndir. Çünki bu növ təvəssülü Allah nə buyurmuş, nə də buna izn vermişdir. Bir də ki, əməlisaleh şəxslərin hörmətləri yalnız onların özlərinə fayda verir. Uca Allah buyurur: "İnsan yalnız can atdığı şeyə nail olar" (ən-Nəcm, 39). Odur ki, Peyğəmbərin və onun səhabələrinin dönəmində bu növ təvəssül olmamışdır. Mötəbər İslam alimləri bu növ təvəssülü haram və qadağan olmasını söyləmişlər. Əbu Hənifə - Allah ona rəhmət eləsin! - demişdir: "Dua edən kəs belə sözlər deməməlidir: "Səndən filankəsin xatirinə, yaxud Sənin övliyalarının və peyğəmbərlərinin hörmətinə, yaxud Beytul-Həramın və ya Məşərul-həramın xatirinə diləyirəm."