Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fenomen bacıların tutulma anı - FOTO

Fenomen bacıların tutulma anı - FOTO

Tarix: 14 Noyabr 2023 23:02

Türkiyədə sosial media fenomenlərinə qarşı başlamış əməliyyat genişlənir.

Milli.Az lent.az-a istinadən bildirir ki, sosial media fenomeni Dilan Polat və bütün ailə üzvlərinin həbsindən sonra bu gün daha bir sosial media fenomeni olan ailə polis tərəfindən saxlanılıb.

Sosial media fenomenləri olan bacılar - Bahar Candan və Nihal Candan çirkli pulların yuyulması iddiası ilə saxlanılıb.

Candan bacılarının saxlanma səbəbi 2020-ci ildə başlayan istintaqa gedib çıxır. Davam edən zəncirvari araşdırmalar, avtomobil fırıldaqçılığı ilə bağlı əməliyyatların ikinci dalğası ilə 6 ay əvvəl bir daha aktivləşdi. Candanların 6 ay əvvəl həbs olunan Onur Apaydın ilə əlaqəsi olduğu və zərərçəkənləri aldatmaq üçün şübhəlinin lüks restoranlarda verdiyi şam yeməyinə qatıldığı iddia edilib.

Belə ki, İstanbul polisi dövlət qurumlarından tender yolu ilə ucuz nəqliyyat vasitələri satdıqlarını bəyan edən şübhəli şəbəkənin izinə düşüb.

Məlum olub ki, bu şəbəkə ayrı-ayrı  şəxslərə ucuz nəqliyyat vasitələri sataraq etibar qazanıblar. Daha sonra onlar 13 nəfərdən təqribən 10 milyon lirə toplayıblar, lakin bu dəfə "tenderdə problem olduğunu" əsas gətirərək zərərçəkənlərə maşın verməyib, aldıqları pulu da geri qaytarmayıblar.  

Aparılan texniki və fiziki müşahidələr nəticəsində bu il mayın 3-də 6 şübhəli şəxs  saxlanılıb. Dəstə başçısı və keçmiş polis məmuru Onur Apaydın da daxil olmaqla 5 şübhəli həbs edilib.

Araşdırmalara davam edən polis qatıldıqları dəb proqramı ilə məşhurlaşıb, sosial media fenomeninə çevrilmiş  Nihal və Bahar Candan bacılarının bu  dəstənin çirkli pullarını yuduğunu müəyyən edib. Buna görə də  bu gün səhər saatlarında adlarını Gülnihal Çiçək olaraq dəyişdirən Nihal Candan, Aleysa Bahar Candan və Hacı İsrafil Sağlamaya qarşı əməliyyat keçirib. Əməliyyat zamanı Nihal Candan və Bahar Candan İstanbulda, Hacı İsrafi Sağlam isə Qarsda saxlanılıb.

Türkiyədə hazırda hüquq-mühafizə orqanları sosial media fenomenləri ilə bağlı geniş araşdırma aparır. Türkiyə gündəminin əsas hadisəsi olan bu araşdırmalar cəmiyyət və media tərəfindən də ciddi diqqət mərkəzindədir.

Araşdırmalar zamanı məlum olur ki, 3-5 il əvvələ qədər kasıb həyat tərzi keçirmiş, çoxu işsiz olan şəxslər bir neçə il ərzində ultra zəngin olublar. Onlar hamısı da bir-biri ilə yarışmaq üçün bu zənginliklərini görməmişcəsinə sosial mediada göstəriblər. Hamısı varlandıqca izləyicilərini aşağılayan videolar çəkiblər.

Milyonluq villalar, maşınlar, bahalı geyimlər və lüks tətillər bu şəxslərin varidatının araşdırılmasına səbəb olub.

Türkiyə mediasının iddialarına görə, araşdırmalarda xüsusilə gözəllik mərkəzləri və kosmetik məhsullar satışı adı altında qanunsuz qumar oyunlarından gələn və ya başqa mütəşəkkil cinayətkarlıqdan əldə edilmiş pulların yuyulması əməliyyatının həyata keçirildiyi ortaya çıxıb.

Milli.Az


Etiketlər:  Fenomen bacıların tutulma anı FOTO


RƏYLƏR