Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan-Ermənistan danışıqlarında BİR İLK

Azərbaycan-Ermənistan danışıqlarında BİR İLK

Tarix: 22 Noyabr 2023 21:36

İrəvan Bakının danışıqların ikitərəfli əsasda başlanması və görüşün "qarşılıqlı məqbul məkanda və ya dövlət sərhədində baş tutması" təklifinə cavab verib.

Sonxeber.net xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı bildirib.

Cavabda qeyd olunur ki, "iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və bu, hər iki tərəfdən siyasi iradə olarsa, reallaşa bilər". Və "bu iradənin nümayişi" kimi Azərbaycana təklif edirlər ki, dövlət sərhədində hər iki ölkənin delimitasiya-demarkasiya komissiyalarının iclası keçirilsin.

Bakı və İrəvan başqa-başqa məsələlərdən danışır.

- Azərbaycan təklif edir ki, sülh danışıqları dövlət sərhədində, yaxud hər iki tərəfin qəbul edəcəyi məkanda vasitəçisiz baş tutsun;

- Ermənistan təklif edir ki, sərhəddə demarkasiya komissiyalarının iclası keçirilsin;

Əslində İrəvanın Bakıya ünvanladığı bəyanat cavab yox, təklifdən ibarətdir. Bu isə Bakının "ikitərəfli format" istəyini yaxına buraxmaq istəmədiklərini göstərir. Ermənistan XİN-in bəyanatının mətni də danışıqların Qərb platformasında keçirilməsindən yana olduqlarını təsdiq edir. Demarkasiya komissiyalarının iclasının sərhəddə keçirilməsi təklifi isə Vaşinqtonun qarşısında "sülhdən qaçan" tərəf kimi görünmək istəməmələridir.

İkitərəfli formatda görüşü ABŞ təklif edib. Azərbaycan bu formatı əvvəldən dəstəkləyir, hətta məkan kimi bölgədə vasitəçilik uğrunda mübarizə aparan Qərb və Rusiya masasını yox, Tiflisi təklif edib. Bu formatla bağlı son çağırışdan sonra rəsmi Bakı sülh danışıqlarının dövlət sərhədində keçirilməsi ideyasını irəli sürdü.

Bu ideya Azərbaycan-Ermənistan danışıqlarında bir ilkdir. Bakı bununla həm də Qərb masasından imtina etməsinin Rusiya ilə bağlı olmadığını nümayiş etdirir. Ermənistan isə "demarkasiya komissiyalarının iclası"nı irəli sürməklə həm Bakının təklifinə cavab verdiyini göstərir, həm ABŞ-ın çağırışını dəstəklədiyini. Hərçənd, dövlət sərhədində sülh danışıqları təklifinə demarkasiya komissiyalarının iclası təklif ilə cavab vermək İrəvanın prosesi manipulyasiya etmək cəhdindən başqa bir şey deyil.


Etiketlər:  Azərbaycan Ermənistan danışıqlarında BİR İLK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ