Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 12:00
Paşinyan xarici siyasəti manipulyasiya obyektinə çevirib. Onun təzahürlərindən biri də Ermənistanın KTMT tədbirlərində iştirakı məsələsidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hraparak" nəşrində dərc olunan məqalədə bildirilib.
Paşinyanın demokratiya vədi ilə hakimiyyətə gəlib, diktatura qurduğunu bildirən müəllif qeyd edib ki, Nikol KTMT-nin hərbi təlimlərində iştirakdan imtina edir, Ermənistanla bağlı qərarların qəbuluna mane olur:
"O, bu gün Minskdə baş nazir, xarici işlər və müdafiə nazirləri səviyyəsində keçirilən sammitdə iştirakdan imtina etdi. Eyni zamanda o, KTMT-dən çıxmaq niyyətində olmadığını açıqlayır. Bu nədir, ironiya deyil? Təbii ki, bu, Ermənistanı mövcud təhlükəsizlik sistemindən çıxarmağa yönəlib. Amma problem ondadır ki, o, KTMT-ni nə ilə əvəz edəcəyini bilmir".
Məqalədə bildirilib ki, Ermənistan Rusiyadan imtina edərək, Qərb silahları alır:
"Rusiya-Ukrayna müharibəsi zamanı Rusiyanın zenit müdafiə sistemi özünü ən yaxşı şəkildə göstərdi. Nikol isə fransız silahı alır (MG-200 nəzərdə tutulur - red.). Bu, cəmi üç kompleksdir. Bu, əlbəttə ki, daha keyfiyyətli rus analoqundan daha bahalıdır. Məqsəd silah deyil, Qərbə qoşulmaqla bizi Rusiya təhlükəsizlik sistemindən tədricən "azad etmək"dir. Ancaq Qərbin təhlükəsizlik sistemi NATO-dur, burada isə bizi qətiyyən gözləmirlər. İnanmırsınızsa, Gürcüstan, Moldova və ya Ukrayna nümunələrinə nəzər salın".
Analizdə bildirilib ki, Ermənistan rəhbərliyinin KTMT-nin Ermənistanı müdafiə etmədiyi ilə bağlı sözləri manipulyasiyadır:
"Moskva Rusiya Baş Qərargahının xəritələri əsasında demarkasiyanı, bundan sonra KTMT missiyasını yerləşdirməyi təklif etdi. Lakin bunun ardınca Nikolun növbəti manipulyasiyası baş verdi. Nikol və komandası "KTMT sərhədimizi tanımırsa, missiyası harda dayanacaq" tipində təbliğata başladılar. Halbuki KTMT missiyası sərhədlərin yerini bilmirsə, Müdafiə Nazirliyinin rəsmiləri onları müşayiət edə bilərdilər - necə ki, avropalı müşahidəçilərlə bunu etdilər. KTMT missiyasının ardınca isə Avropanın nəzərdə tutmadığı daha ciddi müdafiə dəstəyi gələcəkdi. Çünki silahsız avropalı müşahidəçiləri silahlılarla əvəz etsələr belə (AB missiyasının 1000 nəfərə qədər artırılacağı və onların silahla təmin ediləcəyi iddiaları var - red.), onlar çətin ki, Ermənistana görə azərbaycanlılara qarşı vuruşsun".