Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2023 08:52
Azərbaycanın davranışı hərbi, hərbi-texniki və iqtisadi üstünlüyə malik olan qalib tərəfin məntiqinə tam uyğun gəlir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni politoloq Ayk Demoyan deyib.
O, Azərbaycanın vaxtaşırı Ermənistanı sülh prosesini ləngitməkdə və destruktiv mövqe sərgiləməkdə ittiham etməsi, eyni zamanda işğal altında olan 8 kəndi tələb etməsi haqda danışarkən bildirib ki, Bakı öz üstünlüyündən istifadə edərək, qarşı tərəfdən mümkün qədər çox güzəşt qoparmaq istəyir.
Demoyanın fikrincə, Ermənistan "birinci müharibədəki qələbəsi"ndən istifadə etmədi, səhvlərə yol verdi, özü üçün fəlakətlə nəticələnən proseslərə qoşuldu:
"Azərbaycan isə bu səhvləri etmək istəmir və tam başqa yolla getməyə çalışır. Nə qədər ki, Ermənistandan maksimum güzəşt almaq imkanı var, o, təzyiqlərdən əl çəkməyəcək. Ona görə də Bakı danışıqlar zamanı istənilən manipulyasiyaya tab gətirə, İrəvanı destruktiv mövqedə ittiham edə, Tavuşdakı anklavları - 8 kəndi tələb edə bilər. Nə qədər ki, Azərbaycan Ermənistandan başqa nəsə ala biləcəyinə inanır, sülhdə maraqlı olmayacaq".
Ekspertin fikrincə, Ermənistanın mövqeyi daha "əsəbi" görünür:
"Hakimiyyət dayanmadan sülh gündəmindən bəhs edir, ərazilərlə bağlı hansısa rəqəmləri, sülh müqaviləsinin imzalanması imkanları ilə bağlı hansısa faizləri səsləndirir. Ermənistanın Azərbaycana qarşı heç bir təbliğat tədbiri yoxdur".
Demoyan iddia edib ki, Azərbaycan öz siyasətini - "hərbi təcavüzünü" informasiya hücumları ilə fəal surətdə tamamlayır:
"Qorxuram ki, informasiya müharibəsi alətlərindən istifadə etməmək son nəticədə hərbi və hərbi-texniki vasitələrin effektivliyini şübhə altına alsın. Yəni Ermənistan nə qədər silahlansa da, orduda islahat aparsa da (bu, reallığa nə qədər uyğundur, ayrı mövzudur), bütün bunlar informasiya komponenti olmadan yarıtmaz olacaq".