Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2023 15:30
ABŞ-ın Azərbaycandakı səfirliyinin Bakıdakı "JW Marriott Absheron" otelində sabah keçirməyi planlaşdırdığı "Məzunların yubiley qalası" təxirə salınıb.
Tədbirdə guya "Birləşmiş Ştatlarda təhsil almış azərbaycanlılar" iştirak etməli idi.
Lakin görüş olmayacaq: rəsmi açıqlamaya görə, görüş "qeyri-müəyyən vaxtadək təxirə salınıb".
Xatırladaq ki, "Məzunların yubiley qalası" adı verilən "tədbir" əslində, sabah 18:30-da "JW Marriott Absheron" hoteldə keçirilməli idi. Bununla bağlı məlumat yayılmış, Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olduğu, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü deyilmişdi.
Sonxeber.net bildirir ki, "Məzunların görüşü"nün əslində ABŞ-ın Azərbaycandakı təsir agentlərinin də qatılacağı tədbir olacağı barədə yerli mediada yer alan xəbərlərin yayılmasından sonra ABŞ səfirliyinin "təxirəsalma" qərarı ən azı təəccüblü təsir bağışlayır.
Hərgah bu tədbir gerçəkdən də ABŞ-da təhsil almış azəröaycanlıların adi yubiley "qala"sı idisə və orada da bir zamanlar okeanın o tayında oxumuş vətəndaşlarımız bir araya gələcəkdisə, Birləşmiş Ştatların səfirliyi niyə belə qəfil qərar qəbul etdi?
Əgər həmin görüşdə təsir agentlərinə yeni təlimatlar verilməyəcəkdisə, qısa hesabatlar alınmayacaqdısa və fəaliyyətin yeni istiqamətləri bəlirlənməyəcəkdisə, ABŞ səfirliyini narahat edən nə oldu?!
Olmaya ABŞ-da və ya Azərbaycanda həddən ziyadə ciddi, fövqəladə olay yaşanıb?
Yoxdur belə olay.
Olmaya həmin tədbirə toplaşacaq şəxsləri yaşamı və ya fəaliyyəti üçün problemlər yaranacaqdı?
Əsla.
Belədirsə, ABŞ-ın Azərbaycandakı səfirliyinin qəfil "təxirəsalma qərarı"nın səbəblərini asanlıqla ehtimal etmək olar.
Təsir agentlərinin bir araya gətirilməsi hələlik məqbul sayılmayıb yəqin.