Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səbir edənlərə müjdə ver!

Səbir edənlərə müjdə ver!

Tarix: 29 Noyabr 2023 08:00

Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"- deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Bu ayədə Uca Allah insanların mütləq müsibətlərə məruz qalaraq imtahan olunmaları haqda xəbər verir. Uca Allah insanları qorxu, narahatlıq, aclıq, mal və məhsul itkisi, xəstəlik və yaxın adamların həlak olması kimi müsibətlərlə imtahan etdiyini və "bir az" deməklə üz verən müsibətin mütləq şəkildə gəlmədiyini bildirir. Əgər müsibətlər mütləq şəkildə gələrsə, insan məhv olar. Müsibət üz verdikdə səbir edən bəndələrə müjdə verilir. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "İnnə lilləhi və innə ileyhi raciun - Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Allaha iman gətirən bəndəyə bir müsibət gəldikdə bu sözləri deyər və səbir edərsə, Uca Allah onu tərifləyər, ona rəhm edər və onu doğru yola yönəldər. Mömin bəndə müsibətlərə səbir etməklə aşağıdakı bir çox üstünlükləri əldə edir:

Müsibətlər günahlara kəffarədir
Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə de­mişdir: "Müsəlmana üz vermiş hər bir yorğunluq, naxoşluq, kə­dər, üzüntü, əziyyət, dərd, hətta bir tikanın batması ilə Allah onun günahlarını yuyur". (əl-Buxari, 5642).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Mömin kişinin və mömin qadının bədəninə, ailəsinə və mal-dövlətinə Allahla qarşılaşıncaya qədər bəla üz verərsə, boynunda heç bir günah qalmaz". (əl-Buxari "Ədəbul-Mufrad", 494).

Xəstəliyə səbir edənin mükafatı
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: "Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağ­ladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram, yox, əgər onu sağaltsam, günahla­rından təmizlənmiş olar!"
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Mömin bir qulumu bəlaya düçar etdikdə o, Məni həmd edərək düçar etdiyim bəlaya səbir edərsə, yata­ğından anadan doğulduğu gündə olduğu kimi günahlardan təmizlə­nərək ayağa qalxar". Rəbb qoruyucu mə­lək­lərinə buyurur: "Həqiqə­tən, Mən bu qulumu əməl etmək­dən saxlayıb bəlaya düçar etdim. Bundan əvvəl sağlam ikən etdiyi əməllərə bərabər yazdığınız savab qədər onun üçün mükafat yazın!"

Gözlərinin itirilməsinə səbir edənin mükafatı
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurdu: "Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə imtahana çəksəm və o buna səbir etsə, bu­nun əvəzində ona Cənnəti bəxş edərəm". Allah "sevdiyi iki şeylə" deyəndə gözləri qəsd edirdi". (əl-Buxari, 5653).

Yaxın adamını itirməsinə səbir edənin mükafatı
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah buyurur: "Mən mömin qulumun sevdiyi yaxın adamının canını alsam, sonra o buna (səbir edib axirətdə əvəzini alaca­ğına) ümid edərsə, Mənim ona verəcəyim mükafat ancaq Cənnət olar". (əl-Buxari, 5944).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həddi buluğa çatmamış üç övladı vəfat edən elə bir müsəlman valideyn yoxdur ki, Allah onları Öz mərhəməti sayəsində Cənnətə daxil etməsin. Qiyamət günü onların övladlarına deyiləcək: "Cənnətə girin!" Onlar deyəcəklər: "Valideynlərimiz daxil olma­yın­ca biz girmərik". Onlara deyiləcək: "Siz də, valideynləriniz də Cənnətə girin!" (ən-Nəsai, 1853).

Müsibətə düçar olana axirətdə qibtə ediləcək
Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Bəlaya düçar olanlara Qiyamət günü mükafat veriləcəyi zaman, bəla görməyənlər dünyada ikən dərilərinin kəskin alətlərlə kəsilmiş olmasını istəyəcəklər". (ət-Tirmizi, 2402).

Ən çox müsibətə düçar olan mömin haqqında
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən bir adam gətiriləcək və bir dəfə Oda salınıb çıxarılacaq. Sonra ona deyiləcək: "Ey Adəm oğlu! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?" O da: "Xeyr! Vallahi, ya Rəbb!" - deyəcək. Sonra Cənnət əh­lindən olan, dünyada insanlar arasında ən çox müsibət görən bir adam gətiriləcək və bir dəfə Cənnətə salınıb çıxarılacaq. Ona deyi­ləcək: "Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?" O da: "Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəl­mədi və bir sıxıntı da görmədim" - deyəcək. (Muslim, 2807).


Etiketlər:  Səbir edənlərə müjdə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ