Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 17:44
“Turan” klubunun sabiq baş məşqçisi, futbol veteran Əfqan Talıbov Qol.az saytına müsahibə verib. O, hazırda işsiz olmasından, ümumi Azərbaycan futbolundakı problemlərdən danışıb.
- Uzun müddətdir mətbuatda görünmürsüz, hazırda nə işlə məğulsunuz?
- Mətbuatda görünməməyim təbiidir. Məşqçi işləmirsə, mətbuat da onu görmür. Azərbaycan futbolunu da, millini də izləyirəm. Amma hazırda futbolda çalışmıram.
- Klublardan təkliflər olubmu?
- Uşaq futbolundan təkliflər olur. Amma əfsuslar olsun ki, iş təkliflərində görülən işə uyğun maaş təklif olunmur. Bu fərq əsəbə, problemə gətirib çıxarır. Yol pulu, bir də qarın otarmaq üçün maaş verilir. Təcrübəli məşqçilər gəlirsə, onlara elə məvacib verilməlidir ki, məşqçi bilsin ki, bu, ciddi işdir. Yoxsa, 600-700 manat maaş verib, deyirlər ki, gəl, uşaq futbolunda işlə, başını girələ. Mənim xasiyyətimdə belə şey yoxdur. Deyirlər ki, gəl, əvəzedecilərdə işlə, orada, burada işlə. Belə təkliflərdə ciddiliyi, perspektivi görmürsən. Bu gün durum onu göstərir ki, futbolda yetişdiriləsi uşaqlar çoxdur. Amma fakt olaraq akademiya səviyyəsində çalışan klublar yoxdur. Uşaq futbolunda səhər girməlisən, axşam çıxmalısan. Elə olmalıdır ki, həftələrlə evə getməməlisən. Çünki bu iş ciddidirsə, məvacib də normal olmalıdır ki, özünü bir futbol nümayəndəsi kimi hiss edəsən. Yəni, bilməlisən ki, nəyləsə təmin olunursan. Ona görə təkliflərə ciddi fikir vermirəm. Məşqçilərə verilən məvacib normal səviyyədə deyil. Məşqçiləri qiymətləndirmək lazımdır. Klublar marağında olmalıdılar ki, biz klubda bu işi görürüksə, məşqçilərə normal pul ayırmalıyıq ki, onun heç bir yerdə fikri qalmasın. Yeganə fikri uşaq futbolunda, uşaqların düzgün yetişməsində olmalıdır.
- Nazim Süleymanovun sədr olduğu Azad Həmkarlar İttifaqına üzvüsünüz. Orada işləriniz necə gedir?
- Ümumi futbolun bugünkü gedişatı ilə bağlı bizim görüşlərimiz olur. Millimin çıxışları, uşaq futbolundakı problemlər və s. bir çox mövzuda fikir mübadiləsi aparırıq. Fikirlərimizin hamısı Azərbaycan futbolunun günü-gündən yaxşılaşması üçündür. Hamımızı narahat edən ən əsas problemlərdən biri budur ki, yüksək liqamızda 8 komanda çıxış edir. Onun artırılması çox gözəl olardı. Həm futbolçular çoxalardı, həm də yeni iş yerləri açılardı. İkinci isə azarkeş problemdir. Futbola maraq artırılmalıdır. İndi hansısa klubumuzun oyununa gedəndə legioner əvəzinə yerli futbolçularımız üstünlük təşkil etsə, daha yaxşı olardı. Üçüncü problemimiz isə yerli futbolçularımızı legioner həyatı yaşaya bilməməsidir. Bütün Azərbaycanlı futbolçulara tövsiyə olunur ki, ölkə xaricinə çıxsınlar.
- Sizin kimi bir cox futbol veteranı da kənarda qalib. Bunun səbəbi nədir?
- Klubların sayı da azdır. 2-3 klub artırılsa, orada uşaq qrupları da daxil onlarla yeni məşqçi işləyə bilər. Amma real durum budur ki, klub sayı azdır. Biz görmüşük ki, gəncləşdirmə uşaq futbolunda gedirdi. Oradan yetişən məşqçilər əsas komandaya qədər gəlirdi. Bizdə keçid dövrü birdən-birə yarandı. 40-60 yaş arası baş məşqçilər kənarlaşdırıldı, yerinə daha gəncləri keçdi. Biz də birdən-birə futbolda məşqçi işləməmişik. Demək olar ki, fərqli klublarda çalışa-çalışa, pillə-pillə gəlmişik. Məşqçinin də, futbolçunun tez-tez yerlərini dəyişməsi futbola xas olan bir şeydir. Bununla bərabər, məni yaddan çıxmaq məsələsi bir balaca narahat edir. Bir qədər nəzərdə saxlanılsaq daha yaxşı olardı. Ancaq faktiki olaraq, 45-65 yaşlı məşqçilərin çoxu kənarda qalıb.
- Əvəllər U-19, U-21 millimizdə çalışmısınız. O vaxtdan sonra sizə AFFA tərəfdən bir təklif olubu?
- U-19 yığmasında Nadir Qafarovun köməkçisi işləmişəm. U-21 millisində isə Lippertin. O vaxtdan bəri millinin yaş qruplarından mənə təklif olunmayıb. Yəqin ki, indi müəyyən dərəcədə hansısa məşqçilərə meydan veriblər, ona görə də hələlik bizim haqqımızda düşünmürlər. Ola bilər, yaxın gələcəkdə bu mümkün olsun. U-21 keçid mərhələsidir. 21 yaşlıların ayrı bir xüsusiyyəti var. 21 yaşda olan oyunçular millidə də oynaya bilər.
- Həm əsas milli, həm də U-21 yığmamız bu il uğursuz çıxıları ilə yadda qaldı. Siz bu uğursuzların səbəbini nədə görürsünüz?
- Neçə illərdir hamı bilir ki, milli komandalarımız yaxşı səviyyədə deyil. Əsas millidə xal qazanılmadığı halda bəzi problemlər meydana çıxır. Yadınızdadırsa, Prosineçkinin vaxtında millinin xallar toplaması azarkeşləri bir qədər ümidləndirdi. Bu qrupda elə oldu ki, komanda qrupda güclülərlə rastlaşdı.
- Qazanılan xallardan əlavə, komandanın hazırkı oyun üslubuna görə tez-tez tənqid olunur.
- Mən tənqidin tərəfdarıyam. Bəzi oyunlarda milli meydana məğlub psixologiyasında çıxır. Sadəcə, sona 15-20 dəqiqə qalmış oynamağa başlayır. Amma inamlı oynayanda hücumlarımız da kəsərli alınır. Müdafiədən danışanda görürük ki, hər oyunda qol vursaq da, hamısında da qol buraxırıq.
- Çempionata baxırsız, yoxsa maraq qalmayıb daha?
- Həlledici məqamlara baxıram. Futbolda elə anlar olur. Məsələn, keçən tur “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” qalib gəlsəydi, 11 xallıq fərq yaranacaqdı. Nəticədə maraq həddindən artıq aşağı düşəcəkdi. Bununla belə 8 xallıq fərq qalmış oldu. Beləcə “Qarabağ”ın 1 məğlubiyyəti “Neftçi”nin ona daha da yaxınlaşmasıyla nəticələnəcək. Bu hal olanda çempionatın bir qədər maraqlı davam etməsinə ümidlər verir. “Qarabağ”la çempionluq uğrunda rəqabət gücünə yalnız “Neftçi” malikdir.
- Futbolumuzun hazırkı ümumi mənzərəsi haqda nə deyə bilərsiniz?
- “Qarabağ”ın çempionatdakı stabil oyunu haqqında hamımız məlumatlıyıq. “Neftçi”yə mətbuat tərəfindən sual verilməlidir ki, “Ay Bordin, sənə icazə verirlər işləməyə? Sən özün işləyirsən?” Məşqçi çıxıb deməlidir ki, “mən işləyirəm, heyəti mən qururam, hər şeyi mən edirəm”. Komanda daim hücumda oynamalıdır, pressinq etməlidir. “Neftçi” bu gün taktiki cəhətdən daha inamlı oynamalıdır. Çünki bu komandanın Dabo, Monroz, Dario kimi fərdi bacarıqlara malik legionerlərinin olması onların nəyə qadir olduqlarını göstərməyə imkan verir. Bu oyunçular “Qəbələ”də oynayanda matçın böyük hissəsini hücumda keçirirdilər. “Qəbələ” həm pressinq edirdi, həm də hücumda aktiv idi. “Keşlə”yə məğlubiyyət çempionata marağın itməsinə səbəb olacaq.
- Futbol veteranları hazırda iki cəbhəyə bölünüb. Bu barədə nə deyə bilərsiniz?
- Mən arzu edirəm ki, hər bir futbol nümayəndəsi birinci özünə, ikinci isə futbola düzgün qulluq edən insanlara hörmət etsin. Hər insan özündə olan problem görmür. Biz birinci özümüzdə olan problemi tapmalıyıq. Biz futbol veteranları deyəndə, onları səhv salmamalıyıq. Elə futbol veteranları var ki, mətbuat, federasiya olmayan hər yerdə ürək ağrısı ilə narazılıqlarını bildirir. Elə ki mətbuat qarşısına çıxırlar, deyirlər ki, işlər yaxşıdır, çempionatımız yaxşı gedir, səviyyə normaldır, rəqabət və s. Biz Azərbaycan futboluna kömək etmək üçün problemlər haqda hamımız danışmalıyıq. Ona görə xahiş edirəm ki, hamı ürəyində olanı desin.
Məftun RƏSULZADƏ