Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı ilə Ankara bölgədə elə imkanlar irəli sürür ki... - Ekspert

Bakı ilə Ankara bölgədə elə imkanlar irəli sürür ki... - Ekspert

Tarix: 9 Dekabr 2023 19:54

Hazırda Türkiyə-Yunanıstan münasibətlərində olduğu kimi, Azərbaycan ilə Ermənistan arasında da sülh istiqamətində müsbət bir dövrün başladığını görürük. Türkiyə ilə Azərbaycan xüsusilə bölgədə hər bir ölkənin faydalana biləcəyi mühüm imkanlar irəli sürür.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında türk hərbi ekspert Coşqun Başbuğ bildirib.

"Bunun ən böyük misalı Zəngəzur dəhlizi ilə bağlı 3+3 formatıdır. Bu, Ermənistan ilə Azərbaycan, hətta Ermənistan ilə Türkiyə arasında mühüm dövrü başladacaq təməldir. Lakin təəssüf ki, indiyədək bunu həyata keçirəcək bir mühit hələ də yaranmayıb. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə bu yeni dövrü başlatmağa cəhd etsə də, hər dəfə qarşısında Qərbin bəzi imperialist qüvvələrini gördü. Hətta Paşinyanı bundan yayındırmaq üçün Ermənistan daxilində bəzi məlum hadisələr də baş verdi.

Məsələyə "Bir millət, iki dövlət" prinsipindən baxsaq, Türkiyənin Ermənistanla münasibətlərini yaxşılaşdırması istiqamətində cəhdləri, Paşinyanın Türkiyəyə dəvət olunması, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimində iştirakı fikrimcə, rəsmi İrəvanın mövqeyini tam olaraq göstərir. Bütün bunları nəzərə alsaq, Ermənistanın sülhə gedən bu yolda əməkdaşlığa niyyətli olduğunu görürük. Lakin dediyim kimi, rəsmi İrəvanın bəzi yan qüvvələrin təsirinə məruz qalması prosesin hələ də istənilən səviyyəyə gəlməməsinin əsas səbəbidir. Bütün bunlarla yanaşı, Paşinyan ötən həftə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verdi və dəhlizin açılmasını dəstəklədiklərini bildirdi. Bu, çox əhəmiyyətli və bölgədə vəziyyəti dəyişəcək bir çıxış idi. Bütün bunların ardınca Azərbaycan ilə Ermənistan arasında etimadın qurulması istiqamətində atılan son addımlar, Ermənistanın 2 Azərbaycan hərbçisini, Azərbaycanın isə erməniəsilli 32şəxsi sərbəst buraxmaları mühüm hadisədir. Azərbaycan Prezidenti İlham Əliyev və Nikol Paşinyanın sülhyönümlü fikirləri, gələcəkdə görüləcək işlərə dair açıqlamaları olduqca dəyərlidir. Türkiyə ilə Yunanıstan və Azərbaycan ilə Ermənistanın məsələyə yanaşmaları bu şəkildə davam etdiyi təqdirdə, əminliklə demək olar ki, bölgənin gələcək taleyi müsbət istiqamətdə dəyişəcək", - ekspert qeyd edib.


Etiketlər:  Bakı ilə Ankara bölgədə elə imkanlar irəli sürür Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ