Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 19:25
"Mən nəyimləsə öyünməyə, nəyisə göstərməyə heç vaxt can atmamışam. Bir iki dəfə bağımı çəkib göstəriblər. Buna görə də tamaşaçılardan 100 dəfə üzr istəmişəm. Bu Allahdan gələn qabiliyyətdir. Bu ya var, ya da yox".
Sonxeber.net xəbər verir ki, bunu mderator.az-a açıqlamasında xalq artisti Flora Kərimova deyib.
O daha sonra Azərbaycanda audio markalı maşını ilk dəfə özünün sürdüyünü bildirib.
"Audi markalı avtomobilimi o vaxt oğlum Almaniyadan mənə göndərmişdi. Vaxtında bilsəydim ki, bu maşını Azərbaycanda ilk dəfə mən sürmüşəm, o vaxt fors edərdim. Bir neçə il bundan əvvəl bunu mənə dedilər. Daha hansı günümə fors edim? (gülür). Bu gün o qədər gözəl maşınlar var ki. Forsa gecikmişəm (gülür)" deyə xalq artisti bildirib.
O daha sonra ilk avtomobil idarə etdiyi illəri xatırlayıb.
"Anam mənə avtomobil aldı. 2 gündən sonra qəza keçirtdim. Düz ay yarım onun əziyyətini çəkdim, xəsarət aldım. Çox sürətlə sürürdüm. Maşınların qənimi olmuşdum. Hər dəfə məni inspektorlar saxlayıb deyirdi ki, "Flora xanım, niyə bizə qıyırsınız?". Bir dəfə məni rəislərinə şikayət edib demişdilər ki, Flora xanım sürətlə sürür. O da demişdi ki, "Bir dənə Flora xanımımız var da, birtəhər dözək". Mənə ərkəsöyünlük etməyə icazə verdilər (gülür).
Xəstəlikdən sonra mən sürmürəm, indi Yaqut sürür. Heç sevmirdim ki, maşını park edəsən. Yer tapmırdım. Bu işdə Yaqut daha peşəkardır" deyə sənətkar bildirib.
Flora Kərimova "Qanun naminə" filmindəki rolunu da xatırlayıb. Bildirib ki, filmdə çəkilməyi heç vaxt arzulamayıb.
"O illərdə "Leyli və Məcnun" tamaşasında Leylini oynamışdım. Muxtar Dadaşov məni bu tamaşada görüb, "Qanun naminə" filminə dəvət etdi. Sözün düzü əhəmiyyət vermirdim. Fikirləşmirdim ki, filmdə çəkilim, məndən nəsə yadigar qalsın. Ona görə də "hə" demək istəmirdim. Sınaq çəkilişlərinə gedib-gəldim. Həsən Seyidbəyli qonşumuz idi. Yolda məni görüb dedi ki, "qızım səni təbrik edirəm, Züleyxa roluna çəkiləcəksən, təsdiqlənmisən". Hamı məni təbrik edirdi, mən isə sifət edib oturmuşdum. Gənc qız idim, görün kimlərlə çəkilməli idim?! Rza Təhmasibin filmdə şüşəni sındırması epizodunda qorxdum. O qədər zəhmli aktyor idi ki. Onlar həqiqətən də böyük məktəb idilər. Çəkilişdə Nəsibə xanımı tanımadım. Bir qarı gördüm, öz-özümə düşündüm ki, "Nəsibə xanıma necə də bənzəyir". Sən demə Nəsibə xanım imiş, sadəcə olaraq qrimləyiblər. Mən o sənətkarlardan özümə qarşı kin, küdurət görmədim. Əksinə hörmət, diqqət gördüm" deyə sənətkar bildirib.