Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 21:22
"Gərgin matçın şahidi olduq. Qoldan sonra oyunun gedişatı dəyişdi. Meydanda taktiki savaş gedirdi. Ani diqqətsizlikdən qol buraxdıq. Bundan sonra üstünlük bizim tərəfə keçdi. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik. Bərabər səviyyəli oyun gedirdi. Qol vuran qalib gələcəkdi. Artıq bu oyun geridə qaldı, növbəti matça hazırlaşacağıq".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- Qarşıda "Zirə"ni "Turan Tovuz"a qarşı kubok matçı gözləyir. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək çətin olmayacaq?
- Qısa müddətdə eyni rəqiblə oynamaq heç bir komandaya xoş deyil. Kubokda ən çətin rəqib bizə və "Kəpəz"ə düşüb. Vaxtımız azdır. Rəqibin əhval-ruhiyyəsi yüksək olacaq. Ancaq biz oyuna köklənəcəyik. "Turan Tovuz" səfərdə daha yaxşı oynayır. Hər hansı üstünlüyümüz olmayacaq.
- Qismət Alıyev və Kamal Bayramovla oyundan sonra nə söhbət etdiniz?
- Hər ikisi təcrübəli futbolçudur. Onların meydandakı davranışı bu yerə gəlib çıxmamalıdr.
- Qismətə hansısa cəza tətbiq ediləcək?
- Xeyr. Cəzalıq bir şey olmadı. Bir-birinə əl-qol atsaydılar, cəza verə bilərdik.
- Vladislav Kulaçın start heyətində meydana çıxmamasının səbəbi nə idi?
- Həftəiçi planımız onu əsas heyətdə oynatmaq idi. Sadəcə, məşqlərin birində zədələndi. Buna görə də az oynadı.
- Qışda hansı mövqeyə transferlər edəcəksiz?
- Hücum xəttinə mütləq şəkildə transfer etməliyik. Başqa mövqeləri də gücləndirə bilərik.
- Deyirlər ki, komandaya müdafiə futbolu oynadırsız. Bu fikirlərə münasibətiniz necədir?
- Mən müdafiə futbolu oynatmıram. Ola bilər ki, "Sabah" və ya "Qarabağ"a qarşı müdafiə olunmuşuq. Digər rəqiblərlə matçlarda müdafiə futbolu oynamamışıq. Qol vura bilmirik, bu, başqa məsələdir. Bunun üzərində işləyirik. Göstərdiyimiz oyunla nəticə arasında balans düzgün deyil. Oyun 1-2 epizodla şərh olunmamalıdır. Mən nəticəyə hesablanmış futbol oynatmıram. Meydana çıxıb hücumçuların yerinə qol vura bilmərəm ki. Biz arxada ötürmə ilə oynamağı xoşlayırıq. Mənim oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur. İlk dəfədir ki, bu gün 3 mərkəz müdafiəçisi ilə oynadıq. Bu da rəqibə uyğun idi. İstəyərəm ki, epizodları təhılil edək, statistikaya baxaq. 17 oyunun 11-12-də hücum futbolu oynamışıq. Meydanda heyətimiz də hücumameyilli olub. Bu fikir bilirsiz haradan yaranıb? 1-ci yerdə gedirik deyə, daha baxımlı oyun gözləyirlər. Biz buna hazır deyilik. "Qarabağ", "Sabah"la hücum futbolu oynaya bilmərik. Mən müdafiə futbolu oynasaydım indi 8 yox, 3 qol buraxardıq. Qapıçılarımız, müdafiəçilərimiz etibarlı oynayır.
- Fuad Bayramovun az şans qazanmasının səbəbi nədir?
- Səbəbi rəqabətdir. O mövqedə Məqsəd İsayev oynayır. O da yaxşı mövsüm keçirmişdi. Məni üzən məqamlardan biridir. İstəyirəm ki, Fuada daha çox şans verim.
- Rəqiblərlə xal fərqinin azalması komandada gərginlik yaratmayacaq?
- Normaldır. Yarış gedir. Dörd oyundur ki, qələbə qazanmırıq. Bu gün məğlubiyyətə layiq deyildik. Yaratdığımız qol epizodlarından istifadə edə bilmirik. Başımızın bəlası budur.
- Fərid Nəbiyevi komandanızda görmək istəyərsiz?
- Fərid yaxşı futbolçudur. Hər məşqçi komandasında onu görmək istəyər. Gənc futbolçudur. Yaxşı oynayanda hamımız sevinirik.
- Kenni Sayefin transferi gözlənilir?
- Bizim transfer siyahımızda yoxdur. (sportal.az)