Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qanunsuz böyrək bazarı: insan öz orqanını sata bilərmi?

Qanunsuz böyrək bazarı: insan öz orqanını sata bilərmi?

Tarix: 25 Dekabr 2023 15:00

Son günlər sosial şəbəkələrdə və müxtəlif ictimai yerlərdə orqan satışı ilə bağlı elanlar yerləşdirilir. Xüsusən də böyrək satışına daha çox rast gəlinir. Hətta bu orqanını 40-50-70 min manata təklif edənlər də var. Hüquqşünaslar orqan satışının qanunla qadağan olunduğunu, həkimlər isə insanların yalnız öz qan qohumuna donor ola biləcəyini söyləyirlər. Başqasına can verib, özlərini yarımcan qoymaq istəyənlərlə bağlı qanunvericilikdə nə nəzərdə tutulub? 

Milli.Az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında dünyanın heç bir yerində kiminsə orqanını satması ilə bağlı praktikanın olmadığını deyib.

Onun sözlərinə görə, Azərbaycanda orqanların satışı ilə bağlı elanların qanuni əsası yoxdur və onlar kriminal mahiyyət daşıyır: "Heç bir halda qeydiyyatdan keçmədən başqasından orqan köçürməyə qanun icazə vermir. Amma təəssüflər olsun ki, biz bu gün ölkəmizdə orqan satışı ilə bağlı müxtəlif elanlara rast gəlirik. Ümumiyyətlə, donor olmaq istəyən şəxs ancaq öz qan qohumuna orqan verə bilər. Donor haqqında qanuna görə, donor bankı olmalıdır. Donor bankı beyni ölüm keçirmiş insanlardan orqan toplanmasının hesabına həyata keçirilir. Yəni ata, ana və digər ailə və qohum olan üzvlər bir-birinə orqan vermək borcunda deyil".

Həkim-terapevt Rasif Bağırov isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, orqan transplantasiyası ilə bağlı qanuna görə, insan öz böyrəyini ancaq qohumuna verə bilər. Onun kənar adama satışı qanunla nəzərdə tutulmayıb.

Həkimin sözlərinə görə, tək böyrəyə hər hansı xəstəlik düşərsə, xroniki xəstəliyə yoluxarsa bu, orqanizmdə ciddi fəsadlara yol aça bilər: "Yaxud da böyrəkdə daş əmələ gələrsə və o sidik axarına düşərsə həmin anda o gərək götürülsün. Çünki 1-2 gün daş böyrəkdə qaldıqda kreatin 600-ə qalxır və dializə getməyə məcbur qalır. İki böyrək olanda isə birində daş axara düşdükdə digər böyrək öz funksiyasını yerinə yetirir. Belə olan halda xəstə böyrəkdə müalicəni aparmaq daha təhlükəsiz və rahat olur".

Hüquqşünas Şamil Paşayev isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib.

Onun sözlərinə görə, qeyd olunmuş klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur:

"Orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycanda qəbul olunmuş qanuna və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilməlidir. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Orqan donorluğu və transplantasiya qanunçuluq, humanizm, könüllülük, həmrəylik, şəfqət və təmənnasızlıq prinsiplərinə əsaslanır".

Qeyd edək ki, pul müqabilində orqan satışı yolverilməzdir və könüllü olsa belə qadağandır. Bu əməllə məşğul olan şəxslər barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılır. Sosial şəbəkələrdə və ya ayrı-ayrı şəxslər tərəfindən orqan satışı ilə bağlı yerləşdirilən elanlar isə Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və toxumalarının alqı-satqısı 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bir sıra hallarda daha ağır cəzalar tətbiq edilə bilər.

Milli.Az


Etiketlər:  Qanunsuz böyrək bazarı insan öz orqanını sata bilərmi


RƏYLƏR