Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlərin namazı qəbul olmaz?

Kimlərin namazı qəbul olmaz?

Tarix: 1 Yanvar 2024 02:00

İnsanin başına gələ biləcək ən böyük müsibətlərdən biri yerinə yetirdiyi ibadətlərin Allah tərəfindən qəbul edilməməsi və cavabsız qalmasıdır.

Tamamilə mümkündür ki, şəriətin zahiri qaydalarına uyğun olaraq qılınmış bir namaz heç də Allah tərəfindən bəyənilməsin və qəbul edilməsin. Ola bilər ki, dəstəmaz, bədənin və libasın paklığı, namaz qılınan yerin şəraiti, namaz əməllərinin yerinə yetirilmə qaydası kənardan səhih və düzgün görünsün. Amma bundan əlavə bir çox səbəblər həmin namazın qarşısında maneə törədə bilər.

Məsələn, riya qəsdi ilə, özünü camaata göstərmək üçün qılınan namaz məqbul deyil. Riyanı kənardan aşkarlamaq qeyri-mümkündür, onu yalnız Allah görür və bilir. İnsanın etiqadında, əxlaqında, davranışında olan bəzi qüsurlar da onun namazının qəbula yetməsinə mane ola bilər.

İmam Cəfər Sadiq (ə) buyrub: "Bəzən bəndənin qıldığı namazın yarısı, bəzən üçdən-biri, bəzən dörddən-biri, bəzən də beşdən-bir hissəsi yuxarı qalxar (yəni Allah tərəfindən qəbul edilər). Namazın yalnız o hissəsi (Allahın dərgahına) yüksələr ki, qəlb ilə qılınmış olsun" (Biharül-ənvar, cild 84, səh. 238).

Həzrət Mühəmməd Peyğəmbərin (s) aşağıdakı hədisi də eyni məsələni vurğulayır: "Bədəni də qəlbinin yanında hazır olmayan bəndənin namazını Allah qəbul etməz" (Mizanül-hikmə, cild 5, səh. 1637, hədis 10635). Namazın qəbul olmasına maneçilik törədən səbəblərdən biri haqqun-nasa (insanların hüququna) təcavüz etmək, məzlumu incitməkdir. İslam Peyğəmbəri (s) buyurub ki, Allah-təala mənə vəhy etdi: "Ey peyğəmbərlərin qardaşı! Ey (insanı ilahi əzabla) qorxudanların qardaşı!

Öz qövmünü xəbərdar et ki, kimin boynunda məzlum haqqı varsa, nə mənim evlərimə (yəni məscidlərə), nə də bəndələrimin evinə girməsin. Öhdəsində məzlum haqqı olan adam bu haqqı verməyincə, nə qədər namaz qılsa da, Mən ona lənət edərəm" (Mizanül-hikmə, cild 5, səh. 1636, hədis 10624).

Məzlumun haqqını pozmağın növlərindən biri də dini vergini - yəni zəkat və xümsü qəsdən verməməkdir. Xüms-zəkat verməli olduğu halda verməyən şəxs öz ruzisinə haram qatmış olur. İmam Rzanın (ə) kəlamlarının birində buyurulur: "Kim zəkat vermədən namaz qılsa, namazı qəbul olmaz" (Biharül-ənvar, cild 96, səh. 12). Əməllərin qəbul olmasına əngəl törədən maneələrdən biri də haram ruzidir.

İmam Əli (ə) Kümeylə müraciətlə buyururdu ki, əgər qazancın halal olmasa, Allah sənin söylədiyin təsbihi və şükrü qəbul etməz (Səfinətül-Bihar). Şəriətimizdə namazın səhih (düzgün) sayılmasının şərtlərindən biri də budur ki, namaz qılınan yer, namaz qılanın libası qəsbi olmamalı, haram qazancla əldə edilməməlidir.

Peyğəmbər (s) buyurub: "Hər gecə Beytül-müqəddəsin üzərində bir mələk car çəkir: "Kim haram yesə, Allah onun nə vacib, nə də müstəhəb namazını qəbul edər" (Biharül-ənvar, cild 103, səh. 16). Peyğəmbərə (s) aid edilən başqa bir hədisdə deyilir: "Haram yeməklə birlikdə qılınan namaz qum (hədisin başqa variantında su) üzərində tikilən bina kimidir" (Biharül-ənvar, cild 84, səh. 258).

İslam Peyğəmbəri (s) İmam Əli ibn Əbutalibə (ə) buyurmuşdur: "Şərab içənin namazı qırx gün qəbul olmaz" (Məkarimül-əxlaq, cild 2, səh. 357). Həmçinin, Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətində deyilir: "Səkkiz adamın namazı qəbul olmaz: ağasından qaçmış qul ağasının yanına qayıdana kimi, ərini qəzəbləndirən itaətsiz qadın, zəkat verməyən (və ya başqasının zəkat verməsinə mane olan) adam, dəstəmaz almayan (üzürsüz yerə dəstəmazı buraxıb təyəmmüm edən) adam, örtüksüz namaz qılan yetkin qız, arxasındakı şəxslər tərəfindən bəyənilməyən imam-camaat, sərxoş insan, namazdan qabaq ayaqyoluna gedib özünü rahatlamayan və özünü zorla saxlayaraq namaz qılan adam" (Məkarimül-əxlaq, cild 2, səh. 386).

Namazın qəbuluna əngəl törədən səbəblər içində ictimai əxlaq naqislikləri mühüm yer tutur. Yalan, qeybət, xəyanət kimi əxlaqi rəzələtlər də bu qəbildəndir. Allah-təala Həzrət Davud Peyğəmbərə (s) vəhy etmişdi ki, Mən bəzən bəndəmin qıldığı namazı onun sifətinə vurar, onun səsi (duası) ilə Öz aramda pərdə yaradaram. Səbəbi budur ki, həmin bəndəm öz nəfsinə uyar, möminlərin namusuna tərəf baxar, əgər əlinə imkan düşsə və vəzifə qazansa, başqalarına zülm edər (Biharül-ənvar, cild 84, səh. 257).

Həzrət Davuda (ə) ünvanladığı digər vəhydə Allah-təala bəzi namazları qəbul etməməsinin digər səbəblərini açıqlayır. Buyurur ki, bəzən namazın rükətlərinin uzunluğuna, göz yaşı ilə müşayiət olunmasına baxmayaraq, Allah onu qəbul etməz.

Çünki hər şeydən xəbərdar olan Allah həmin namaz qılan bəndənin qəlbinə nəzər salıb görər ki, onun qəlbi çirkin niyyətlərlə doludur. Namazda ağlayıb-sıtqasa da, bu bəndə naməhrəm qadınların özünü ona təslim etməsini arzulayır, öz mömin qardaşı ilə şərikli iş görsə, ona xəyanət etməyi düşünür.

Bu şəxsin qıldığı namaz Allahın yanında zərrəcə dəyərə malik deyil (Mizanül-hikmə, cild 5, səh. 1636, hədis 10623). Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Hər kim müsəlman kişi və ya qadının qeybətini danışsa, Allah qırx gün-qırx gecə onun namazını və orucunu qəbul etməz, ta o zamana qədər ki, (qeybətini danışdığı adam) onu bağışlasın" (Cameüs-səadat, cild 2, səh. 234).

Namazı ilahi dərgahda dəyərsiz edən səbəblərdən bir qismi də ailə əxlaqına aiddir. Adamın öz həyat yoldaşına, valideyninə bəslədiyi mənfi münasibət onun ibadətini puç edə bilər. İslam Peyğəmbərinin (s) buyurduğu kimi, hər kimin arvadı ona əziyyət versə, ərini razı salmayınca Allah onun (qadının) heç bir namazını və yaxşı əməlini qəbul etməz; kişi də (arvadına zülm edərsə) həmçinin (Vəsailüş-şiə, cild 14, səh. 116).

İmam Cəfər Sadiq (ə) isə buyurub: "Hər kim valideyninə pis gözlə baxsa - hətta valideyni ona zülm etsələr belə - Allah həmin övladın namazını qəbul etməz" (Kafi, cild 2, səh. 349).


Etiketlər:  Kimlərin namazı qəbul olmaz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ