Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Son konsert... - VİDEO - FOTO

Son konsert... - VİDEO - FOTO

Tarix: 7 Yanvar 2024 07:50

Bu gün vəfat edən Əməkdar artist Aygün Bəylərin son konsertinin də, oradan əldə ediləcək gəlirin köçürüləcəyi yerin də adı yaşamaq, YAŞATmaqla bağlı idi. 

Müxtəlif dönəmlərdə bir sıra çətinliklərlə üzləşən ifaçı solo konsertinə "Yaxşı ki, varsan!" adını verməklə həyata tutunmağa çalışsa da, amansız xəstəlik buna imkan vermədi.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, əslində, bu konsert bir neçə il öncə baş tutmalı idi. Hətta o, 2015-ci ildə öz solo konsertini təşkil etmək üçün evini girov belə qoymuşdu. Lakin konsert "Günəşli" yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.

İfaçı bundan sonra yaşadığı çətinliklərin onun səhhətinə mənfi təsir etdiyini gizlətmir, bunu etiraf edirdi. Nəhayət, Aygün Bəylər ev probleminin həlli üçün ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edir.  Çox keçmədən, 2022-ci ilin dekabrında Əməkdar artistin müraciəti müsbət qarşılanır və Prezident sənətçiyə ev hədiyyə edir.

Bu zaman Aygün Bəylər qonaq olduğu verilişdə göz yaşlarını saxlaya bilmir və ölkə rəhbərliyinə minnətdarlığını qeyd edir.

İfaçı növbəti verilişlərin birində ev sevinci belə bölüşmüşdü:

"Bu xəbərdən sonra evə gedəndə qızım Canan məni qucaqladı, kövrəldi. Sevinc göz yaşları idi. Qızım böyüyüb 12 yaşı olacaq. Onun adını çox çəkmək istəmirəm. Qorxuram, Allah bizi tez ayırar"...

Aygün Bəylər onu tanıdığımız gündən özünəməxsus geyimi və stili ilə diqqət çəkirdi. Xanəndə seçiminin izahını belə verirdi:

"Hündürdabanda gəzə bilmirəm, ayağım avtomobil qəzasında travma alıb. Alanda uzaq başı bir saatlıq geyinib sonra başqasına verəcəm. Bəzən saç düzümü edirəm, evə gəlib açanda qızım gülür. Deyir ki, sənə yaraşmır. Uşaq olanda deyirdi, bu nə papaqdı qoyursan. Başqalarının yanında anasını görəndə həvəslənirdi. Ona görə saçımı açırdım ki, başqa sual verməsin".

Müsahibələrinin birində "Mənə tək sənət vəfalı çıxdı. Yəqin mən ona qarşı vəfalı oldum, o da qarşılıq verdi. Ayağım büdrəsə də, yıxılsam da, qalxdım" deyən Aygün Bəylər incikliyini də gizlətmirdi. Aman yeri, güman yeri sanki bircə bizə miras qoyduğu "Tut ağacı(m)"na qalmışdı...

Biz isə onu xatırlayacağıq, həm də, şirin xatirələr sorağıyla...

Milli.Az


Etiketlər:  Son konsert VİDEO FOTO


RƏYLƏR