Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Onlar ana-atalarına hörmət etmirlər ki, vaxtilə Zeynəb Xanlarovadan zövq alıblar..."

Tarix: 7 Yanvar 2024 09:15

"Xalqımız pisliyi unudan xalqdır. 1905-ci ildə ermənilər Bakıda, Azərbaycanın rayonlarında qırğınlar törədiblər. Urmiyada da qırğınlar olub. 1918-ci ildə də bizə qarşı qırğınlar davam edib. Sonradan inqilab dövrü, ələlxüsus, 1936-1938-ci illərdə KQB-nin rəhbərləri, əməkdaşları azərbaycanlılara haqsız hücumlar edir, kütləvi həbslər həyata keçirirdilər. Hər üç-beş ildən bir azərbaycanlıların başına oyunlar açır, zülmlər edir, güllələyirdilər. Son 35 ildə 40-50 min körpəmizi, qadınlarımızı, nənələrimizi faşistcəsinə məhv etdilər. Bunu biz unuduruq. İndi də deyirlər ki, Ermənistana gedib yaşamaq istəyirik, onlar da Azərbaycana gəlsinlər. Belə başa düşürük ki, bizim xalq nəinki pisliyi, hətta yaxşılığı da unudur. Görün, Zeynəb Xanlarova ömrünün neçə ilini incəsənətə həsr edib. Neçə-neçə Yeni il axşamlarında ekran qarşısında xalqı sevindirib, dünya azərbaycanlıları qarşısında konsertlər verib, dünyada nələr görüb. Bu xanım qocalmayıb, əli-ayağı əsmir, beli bükülməyib, sifəti qırışmayıb. Səsini eşidəndə biz onunla fəxr etməliyik ki, Zeynəb Xanlarovanın hələ də səsi var. Oxuduğu mahnılar yeni səs yazmalarıdır, köhnə deyil. Məşqlərə də gəlir. Zeynəb Xanlarova məşqlərdə oxuyur, səsi işləyir, yeni mahnılar yazır..." 

Milli.Az bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın ilk şoumeni, Əməkdar artist Qorxmaz Əlilicanzadə deyib.

"Rəşid Behbudovun 75 yaşı var idi, hələ də səsi üstündə idi. Mirzə Babayevin, İlhamə Quliyevanın, Flora Kərimovanın da həmiçinin... Zeynəb Xanlarovanın efirdə oxuması kimə nə ziyan verir? Zeynəb Xanlarova bu gənclərin harada qabağını kəsir? Günün 24 saatı səviyyəli-səviyyəsiz hamısı efirdədir, daha kimlər oxumur ki? Zeynəb xanım nə vaxt onların qabağını kəsib deyib ki, çəkilin kənara, mən oxuyacağam, çıxın bayıra, mən gəlirəm. Bu xanım bir dəfə Yeni ildə görünür. Bəyəm ildə bir dəfə Zeynəb xanımın sənətinin dəyəri olmadı ki, biz onu görək? Görmək istəmirlər, özləri bilərlər. Heç bəlkə, məni də görmək istəmirlər? Deyirlər ki, qoca kişidir, getsin, evində otursun. Allah canlarını sağ eləsin. Amma o demək deyil ki, mən, yaxud digər sənətkarlar, Zeynəb Xanlarova bəyənməyənlərin sözü ilə oturub-durmalıyıq, onlar bizi bəyənmirlərsə, daha səhnəyə çıxmayaq. Konsert veririk, kimlər gəlir? Bizi bəyənənlər. Bizi bəyənməyənlər gəlmirlər ki... Efirə də bizi bəyənənlər qulaq asmaq istəyir, bəyənməyənlər yox. Zeynəb Xanlarovaya tənqid yazanlar evlərindəki qoca ana-atalarına hörmət etmirlər ki, vaxtilə onlar Zeynəb Xanlarovadan zövq alıblar. Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Məmmədova... Vaxtilə Şövkət Məmmədova, Mirzə Babayev üçün də deyirdilər ki, eh, bunlar niyə oxuyurlar, daha efirə çıxmasınlar, biri kökdür, biri qocadır... Nələr demirdilər? İndi də illər keçir, həmin o bəyənməyənlərin balaları, nəvələri deyirlər ki, Şövkət Ələkbərova klassikadır, böyük sənətkardır, Mirzə Babayev, Oqtay Ağayev, Gülağa Məmmədov təkrarolunmazdır. Halbuki vaxtilə qəzetdə yazıb pisləyirdilər ki, niyə oxuyurlar? Öləndən sonra isə "klassika" deyirik. Hamımız öləcəyik, amma 10-20 ildən sonra Zeynəb Xanlarovanın sənətindən danışacaqlar. Bilmirəm, şikayət edənlər sənətdə nə iz qoyublar, bəlkə, xalq üçün böyük işlər görüblər? Yenə də ixtiyarları yoxdur ki, Zeynəb Xanlarovaya "oxuma" desinlər", - Q.Əlilicanzadə bildirib. 

O deyib ki, bu yazılar insan ömrünü qısaldır: "Deyirlər ki, Milli Məclisə Zeynəb Xanlarova dedi ki, "uşaqpulunu" kəsin. Biri ortaya çıxarıb sübut etsin ki, Zeynəb Xanlarova deputat olanda nə vaxt xalqına qarşı belə söz deyib? Bir dəfə müharibədən əvvəl demişdi ki, hər iki gündən bir üç-dörd nəfər şəhid olur, bir dəfə yığışıb müharibə edək, qalib gələk, bunların kökünü kəsək. O vaxt Zeynəb Xanlarovanı bu sözünə görə söydülər, daha nələr demədilər. Sonda məqamı çatdı, möhtərəm Prezidentimiz hamını yığdı, bir dəfə güclü müharibə etdi, 3 min hərbçimiz şəhid oldu. Müharibədə şəhid olmalıdır, müharibəyə oynaya-oynaya getmirlər. Bu, müharibədir, Vətəni qorumaq üçün olmalıdır. Haqsız yerə ermənilər alçaqlıqla bizi snayperlə vururdular. Zeynəb Xanlarovanın ürəyi qanayırdı ki, əsgərlərimiz niyə həlak olur... Amma biz toylar keçirirdik, heç birimiz qəzetdə yazmırdıq ki, balalarımız nahaq yerə qırılır... Haqsız danışmayaq! Möhtərəm Prezidentimiz incəsənət adamları ilə görüşəndə Zeynəb Xanlarova dedi ki, bəsdir şikayət etdiniz, bir az yaxşı şeylərdən danışaq. Dedi də, yaşlı xanımdır. Bir kəlimə sözə görə bu boyda yaradıcılığı, sənəti vururlar yerə. Biz nə millətiyik, başa düşmürəm. Hər kəsi nəzərdə tutmuram. Belə tənqid edənləri deyirəm. Pisliyi unuduruq, bu, bir dərdimiz. Niyə bəs yaxşıları da tez unduruq? Efirdə dedim ki, dövlət adamlarını nəzərdə tutmuram, onlar vəzifə daşıyırlar, amma erməni ilə dostluq edən xalq mənim düşmənimdir. Əsrlər boyu ona edilən zülmləri unudan insan azərbaycanlı deyil. Deməli, onun mənfi xüsusiyyətləri çoxdur, alver, milyon xatirinə xalqı tapdalayıb keçər. Zeynəb xanımın yaxşılıqlarını, sənətdə gördüyü işləri unutmaq olmaz! Buna görə də bütün sosial şəbəkələrdən uzağam. Hesablarımı bağlamışam. Hər dəfə toy başlayanda qazilərimiz üçün ayağa qalxırlar, şəhidlərimizi bir dəqiqəlik sükutla yad edirlər. Kaş bu, həmişə olardı. Bir müddət sonra qazilərimiz də yaddan çıxacaq. Amma biz o vaxt böyük xalq olarıq ki, hər dəfə məclislərdə şəhidlərimiz, qazilərimiz üçün ayağa qalxaq. Bütün dünya xalqları qonaq gəldiklərində bunu görəndə deyəcəklər ki, görün, nə böyük xalqdır, öz övladlarına dəyər verir. Kaş o günü görəydim. 20 ildən sonra, görəsən, bu xalq yenə belə edəcək? Arzu edirəm ki, xalqımız bir daha zülm görməsin. Rifahı yüksəlsin, yaşayışı düzəlsin. Bolluq, ucuzluq olsun. Pis oluram ki, meyvələrin yaxşısını Rusiyaya göndərirlər, cır meyvələri bizə verirlər, gözəl ərzaq görə bilmirik. Yağı da marqarinqarışıq gətirilər. Əvvəllər belə şey yox idi. Sahibkarları, alverçiləri düzəldin də. Gömrükdən buraxılan mallara qiymət qoyurlar. İmkan verin, bu xalq yaşasın də. Hamı bundan danışsın. Yoxsa danışırlar ki, Zeynəb Xanlarova efirə niyə çıxdı? Nə bilim... Allah salamatlıq etsin. Allah bu xalqın canını sağ, şəhidlərimizin ruhunu şad eləsin. Şəhidlərimizə, möhtərəm Prezidentimizə, qazilərimizə, hərbçilərimizə, zabitlərimizə minnətdaram ki, bu qələbəni bizə yaşatdılar. Heç olmasa bunu unutmayaq". 

Milli.Az


Etiketlər:  Onlar ana atalarına hörmət etmirlər ki vaxtilə Zeynəb Xanlarovadan zövq alıblar


RƏYLƏR