Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur azərbaycanlı alim vəfat etdi - FOTO

Məşhur azərbaycanlı alim vəfat etdi - FOTO

Tarix: 10 Yanvar 2024 14:50

Biologiya sahəsində tanınmış alim, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Proteomiks" beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Busan Milli Universitetinin 12 il tədqiqatçı-professoru olmuş biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.

Bu barədə AMEA məlumat yayıb.

Bildirilib ki, alim 65 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, İsmayıl Zülfüqarov 16 yanvar 1959-cu il tarixində İsmayıllı rayonunun Talıstan kəndində ziyalı ailəsində anadan olub. O, Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutuna göndərilib, burada böyük laborant vəzifəsindən aparıcı elmi işçi vəzifəsinə qədər yüksəlib. 1988-ci ildə Tbilisi Dövlət Universitetinin ixtisaslaşdırılmış şurasında Biofizika ixtisası üzrə "Piqment-zülal komplekslərində piqmentlərin nativ formalarının spektral xarakteristikası və oriyentasiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. İsmayıl Zülfüqarov bitkilərdə fotosintez prosesinin biofizikası, fiziologiyası və biokimyası üzrə aparıcı mütəxəssis kimi tanınıb. Ali bitkilərdə xlorofil flüoressensiyasının qeyri-fotokimyəvi sönməsinin mexanizminin aydınlaşdırılması, fotosintetik aparatın ekstremal faktorlara qarşı adaptasiyasının molekulyar əsaslarının öyrənilməsi istiqamətində elmi tədqiqatlar aparıb.

2008-ci ildən 2020-ci ilə qədər Cənubi Koreya Respublikasının Busan Dövlət Universitetində tədqiqatçı-professor kimi fəaliyyət göstərib, eyni zamanda, Rusiya Federasiyasının Yakutsk vilayətində yerləşən Şimal-Şərq Federal Universitetində mühazirələr oxuyub. İsmayıl Zülfüqarov 2016-cı ildən ömrünün sonuna qədər AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Proteomiks" beynəlxalq laboratoriyasına rəhbərlik edib. O, institutun nəzdində fəaliyyət göstərən ED 1.25 Dissertasiya şurasının Seminar Şurasının üzvü kimi fəaliyyət göstərib, UNESCO-nun Bioetika, elm və texnologiyaların etikası Azərbaycan Milli Komitəsinin sədr müavini olub.

İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə bir fəlsəfə, iki magistr dissertasiyası uğurla müdafiə edilib. İki fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.

Milli.Az


Etiketlər:  Məşhur azərbaycanlı alim vəfat etdi FOTO


RƏYLƏR