Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Noyabr 2019 16:57
Bakı. Trend:
Ölkəmizin nüfuzu artır, imkanları artır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "Azərbaycanda nəqliyyat infrastrukturu müasirləşir. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun son hesabatına qayıtmaq istəyirəm. Orada göstərilir ki, dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünya miqyasında 12-ci yerdədir, hava nəqliyyatının səmərəliliyinə görə isə 11-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir və MDB-də birincidir. Yəni, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin fəaliyyəti də böyük dərəcədə bizim uğurlu siyasətimizdən asılı idi və bu layihələrə artıq start verildi. Azərbaycan uzunmüddətli formatda bu layihələrdən həm böyük siyasi, həm də iqtisadi dividendlər götürəcək.
Əlbəttə ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin