Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMA

Hamiləlikdə qızılcaya yoluxma olarsa, körpəsi virusla doğula bilər? - AÇIQLAMA

Tarix: 31 Yanvar 2024 19:57

Son günlər hamilələr arasında qızılcaya yoluxma ilə bağlı ciddi narahatlıq var. Onların bir çoxu əsaslı və ya əsassız həkim konsultasiyalarına üz tutur. Bəziləri isə sosial şəbəkə üzərindən paylaşım edərək, "hamiləlik zamanı qızılcaya yoluxma halı baş verərsə, nə etməliyəm" sualına cavab axtarırlar.

Bəs hamiləlikdə qızılca virusuna yoluxduqda nə etmək lazımdır? Bu, doğulacaq uşağa nə kimi mənfi təsir edə bilər? Hamiləlik dövründə qızılcaya yoluxma düşük təhlükəsinə gətirib çıxara bilərmi?

Milli.Az bildirir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun həkim mama-ginekoloqu Kəmalə Əfəndiyeva qeyd edib ki, hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər.

O bildirib ki, hər bir qadın sağlam hamiləlik üçün ilk həftələrdən etibarən həkim nəzarətində olmalıdır:

"Müayinə zamanı qadının qızılca keçirmədiyi aşkarlanarsa, mütləq şəkildə sıxlıq olan yerlərdən uzaq olmalı, qızılcaya yoluxan biri ilə təmasda olmamalıdır. Təmas olubsa, profilaktik olaraq hamiləyə immunoqlobulin yeritmək mümkündür.

Hamiləlik periodunda qızılcanın bir sıra fəsadları ola bilər. Belə ki, qadın birinci trimestrdə qızılcaya yoluxubsa, bu hamiləlik dölün inkişafdan qalması və ya düşüklə nəticələnə bilər. İkinci trimestrdə qızılcaya yoluxma halı varsa, bu zaman uşaqda sinir sistemi, ürək-damar sistemi ilə bağlı inkişaf qüsurları yarana bilər. Hamiləlikdə qızılcanın olması vaxtından əvvəl doğuş təhlükəsi riskini də artıra bilir. Ana namizədi üçün isə meningit, ensefalit kimi fəsadlar yarana bilər.

Əgər qadında hamiləliyin üçüncü trimestrində qızılca aşkarlanıbsa, bu zaman körpəsinin virusla doğulması ehtimalı artır, qızılcanın əksər simptomları yenidoğulmuşda özünü göstərə bilir və təxminən 7-14 gün çəkir".

Həkim əlavə edib ki, peyvənd olunmayan qadın hamiləlikdə belə hallarla qarşılaşmamaq üçün yaxşı olar ki, hamiləliyi planlamadan öncə vaksinasiya olunsun:

"Bu, həm qadının, həm də uşağın sağlamlığı üçün önəmlidir".

Milli.Az


Etiketlər:  Hamiləlikdə qızılcaya yoluxma olarsa körpəsi virusla doğula bilər AÇIQLAMA


RƏYLƏR