Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özbəkistandakı səfirliyimizdə seçkilərlə əlaqədar səsvermə keçirilir - FOTO

Özbəkistandakı səfirliyimizdə seçkilərlə əlaqədar səsvermə keçirilir - FOTO

Tarix: 7 Fevral 2024 14:36

Azərbaycanın Özbəkistandakı səfirliyində növbədənkənar Prezident seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

Milli.Az xəbər verir ki, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Özbəkistan Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da səsverməyə start verilib.

Daşkənd şəhərində Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin binasında yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 53 saylı seçki məntəqəsinin qapıları yerli vaxtla 08:00-da açılıb.

Daşkənd şəhəri və ətrafında daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı pasportunu məntəqə seçki komissiyasına təqdim etməklə səsvermədə iştirak edirlər.

Daşkənd şəhərində yaradılmış sözügedən seçki məntəqəsində səhər saatlarından seçici aktivliyi müşahidə olunur.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Milli.Az


Etiketlər:  Özbəkistandakı səfirliyimizdə seçkilərlə əlaqədar səsvermə keçirilir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ