Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təxribatın sensasion detalları: Nikolun hansı planı məhv edildi?

Təxribatın sensasion detalları: Nikolun hansı planı məhv edildi?

Tarix: 13 Fevral 2024 13:24

Sonxeber.net axar.az-a istinadən Şeyx Teymurun yazısını təqdim edir

Fevralın 12-də Ermənistan ordusunun snayperinin Nerkin-Hand kəndi yaxınlığında yerləşən mövqeyindən Zəngilan istiqamətində DSX-nin mövqelərinə atəş açması görüntüsü bir çox məqamlara aydınlıq gətirdi.

1. Nerkin Hand (Qafan rayonu) kəndi yaxınlığındakı sərhəd mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Hələ 2022-ci ildə ermənilər o mövqelərdə möhkəmlənən Azərbaycan Ordusundan "narahatlıqlarını" bildirmişdilər.

Ancaq iki il müddətində Azərbaycan Ordusu o mövqelərdən Ermənistana qarşı heç bir fəaliyyət həyata keçirməyib. Dünən bir daha üzə çıxdı ki, yüksəklikdə yerləşən qüvvələrimiz erməni ordusunun bütün fəaliyyətini daimi müşahidə altında saxlayır və kamera qeydini aparır. Yəni Azərbaycan Ordusunun yüksəkliklərdə yerləşməsi əslində sərhəddə atəşkəsin təmininin başlıca şərti və qarantıdır. Əks halda heç olmasa bircə dəfə Azərbaycan Ordusu bu üstün mövqeyindən sui-istifadə edərdi.

2. Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz saytımıza verdiyi açıqlamada həmin ərazisinin xüsusi əhəmiyyət kəsb etdiyinə vurğu edərək, ərazinin Avropa Birliyi missiyasının fəaliyyət dairəsinə aid olduğunu bildirmişdi. Demək, Ermənistan "Azərbaycanın mümkün təcavüzü" şousu ilə sözügedən əraziyə AB müşahidə missiyasını yerləşdirməklə, bu bölgənin "təhlükəsizliyini" təmin etdiyi görüntüsü yaradır. Başqa sözlə, əgər Azərbaycan Ordusunun hər hansı fəaliyyəti olardısa, Ermənistan AB müşahidə missiyasının informasiya dəstəyi ilə bundan böyük bir şou düzəldəcəkdi.

Ötən gün məhz bu plan da hazırlanmışdı: Ermənistan AB müşahidə missiyasının olduğu əraziyə snayper yerləşdirir, snayper atışı ilə əsgərimizi vurur və Azərbaycan hərbçilərini cavab addımı atmağa məcbur edir, sonucda isə AB müşahidəçiləri Azərbaycanın aqressiv davranışı və hücumunu "qeydə alırlar".

Ancaq məlum oldu ki, Azərbaycan Ordusu həmin mövqeləri Dövlət Sərhəd Xidmətinə verib, DSX isə AB müşahidəçilərinin hansı oyunları oynadığını bildiyi üçün ərazini həm də kamera müşahidəsi altında saxlayır.

Beləliklə, erməni təxribatı ilk dəfə olaraq xəbər yayılan andaca dəqiqliyinə qədər video-görüntülü sübutlarla təqdim edildi və Ermənistan ordusunun AB missiyası ilə birgə qurduğu oyun məhv edildi.

3. Azərbaycan Ordusunun həmin mövqelərdə olmadığını ermənilər də yaxşı bilir və çox güman, təxribat üçün həmin mövqeyin seçilməsi təsadüf olmayıb. Ancaq DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı ilə təxribat törədilən döyüş mövqeyinin məhv edilməsi, dörd erməni əsgərin (rəsmi etirafa əsasən) məhv edilməsi və çoxsaylı yaralılar təsdiqlədi ki, Dövlət Sərhəd Xidməti dövlət sərhədinin mühafizəsi üçün bütün imkanlara, texniki təchizata və qüvvəyə sahibdir.

4. Dövlət Sərhəd Xidməti kamera qeydinə qədər müşahidə apardığı halda niyə 12 fevral 17-18 radələrində baş verən təxribata anında cavab vermədi?

DSX əvvəlcə təxribat haqda informasiya və video-sübutu təqdim edərək, nə baş verdiyini aydın şəkildə hər kəsə nümayiş etdirdi. Ötən gün axşam saatlarında erməni media mənsubları və siyasətçilərin Ermənistan MN-dən təkidlə açıqlama tələb etmələrində də bu nüans vardı: "Azərbaycan video-sübutlara qədər hər şeyi ictimailəşdirib və təxribat baş verdiyini bütün dünyaya göstərib, siz hələ yatırsınız" tələbi ilə Ermənistan MN-dən açıqlama istənilməsinin səbəbi bu idi.

DSX təxribatın detallarını hər kəsə nümayiş etdirib, əsl həqiqəti aydınlığa çıxardıqdan sonra zərbə endirdi və düşmən mövqeyini yox etdi.

İndi nə AB missiyası, nə Ermənistan MN, nə də onun havadarları Azərbaycana qarşı iddia irəli sürə bilər və yaxud səsləndirdikləri iddiaların artıq heç bir dəyəri yoxdur.

5. AB müşahidə missiyasının hələ də susması da olduqca mühümdür. AB missiyası yalnız "Azərbaycan tərəfdən atəş pozuntusunu" qeydə almır, ümumilikdə sərhəddə müşahidə aparır. Ancaq ötən gün baş verən təxribatdan sonra AB missiyası heç bir açıqlama yaymamaqla, faktiki olaraq erməni təxribatına rəvac verdiyini və yaxud bu oyunda əli olduğunu təsdiqləmiş oldu.

Təxribat isə alınmadı - çünki Azərbaycan video-müşahidə materialını ortaya qoydu. Bu, AB missiyasının ifşası, əsl mahiyyətinin üzə çıxması, paralel olaraq qurduqları oyunun özlərinə qarşı çevrilməsidir.

Ümumilikdə bu təxribat kimə lazımdır və səbəb nədir?

Bu təxribatdan cəmi bir gün öncə Ermənistan Müdafiə Nazirliyi qadın snayperlərin döyüş mövqelərində mühüm rol oynadıqlarını əks etdirən təbliğat materialı yaymışdı. Qadın snayperlər "döyüşdə ölən əsgərlərin silahını qaldırmaq üçün" orduya yazıldıqlarını bildirirdilər;

Bu təxribatdan bir gün öncə Ermənistanın hakim "Mülki müqavilə" fraksiyasının deputatı Armen Xaçatryan Ermənistanın "ultra-müasir" silahlar istehsal etdiyini bildirdi; təxribat baş verməzdən bir neçə saat əvvəl isə Xaçatryan Fransa və Hindistan da daxil olmaqla, "bir çox ölkədən" ən müasir silahların idxal olunduğunu və ordunun arsenalına verildiyini ictimaiyyətə açıqladı.

Ermənistanın sürətlə silahlandığını, hətta "milyardlarla dollarlıq silah aldığını" Ermənistan Baş naziri Nikol Paşinyan da dəfələrlə elan edib.

Həmçinin Ermənistan müdafiə naziri Suren Papikyanın son günlər Azərbaycan sərhədinə səfərlərinin də sayı artıb. Ən son bu səfər 8 fevralda baş tutmuşdu - təxribatdan 4 gün öncə, "şimal-şərq" sərhədinə. Bu gün ordumuzun mövqeləri həm də şimal-şərq istiqamətindən atəşə tutulub.

Beləliklə, ciddi şəkildə silahlanan Ermənistan aylardır tam sakitlik olan sərhəddə niyə təxribata əl atdı:

1. Prezident seçkisindən dərhal sonra AB Şurası Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik zəngində AB platformasında danışıqların bərpasını xahiş etmiş və "üçlü görüş" üçün müsbət cavab da almışdı. Ehtimal edilirdi ki, Əliyev-Mişel-Paşinyan görüşü yaxın aylarda reallaşa bilər.

Ermənistan Baş naziri Nikol Paşinyanın Britaniyanın "Teleqraf" nəşrinə müsahibəsindən hiss olunurdu ki, o, dolayısı ilə bu görüşə hazırlaşmaqla məşğuldur və müzakirə ediləcək məsələlərdən də "narahatdır". Yəni: əsas məsələ sülh danışıqları və Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən edilməsidir. Paşinyan israrla Almatı Bəyannaməsini əsas gətirərək, sərhədlərin 1991-ci il səviyyəsində tanınmasının üzərində dururdu və nə qədər qəribə də olsa, müstəqil dövlətlər kimi SSRİ tərkibinə daxil olmaq zamanındakı sərhədlərdən bu və ya digər şəkildə imtina etməyə çalışırdı.

Məsələ ondadır ki, Ermənistanın Almatı Bəyannaməsinə istinadı siyasi çəkisini itirib - daha doğrusu, Paşinyan özü addımları ilə bu şifahi razılaşmanı pozub. 2022-ci ildə Praqada razılaşmadan sonra Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirib, 2023-cü il 2 sentyabrda "dqr"in "müstəqilliyini" təbrik edib, 2023-cü il üçün "dqr"in maliyələşməsinə vəsait ayırıb; Praqa görüşündən sonra Laçın yolu ilə separatçı-terrorçuları silahlandırmağa davam edib, 10 mindən çox əsgərini Qarabağda saxlayıb və onları yeni silahlar və maliyyə ilə təmin edib və s.

Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsinə Ermənistan parlamentinin 10 bəndlik "şərt" əlavə etməsini və Qarabağı Azərbaycanın tərkibində tanımaması məsələsinin də üstünü ört-basdır etməyə çalışır və rəsmən elan edir ki, Ermənistan parlamenti bunu Almatıya və beynəlxalq qurumlara təqdim edib, təsdiqlətmədiyi üçün bu "qeyd-şərt"lərin heç bir hüquqi dəyəri yoxdur.

Ancaq məsələ bundadır ki, 1991-ci il Almatı Bəyannaməsini imzalayan Ermənistan öz imzasına qətiyyən hörmət etməyərək, Azərbaycan ərazilərinin işğalını davam etdirib və faktiki olaraq 30 il müddətində nəinki "dq"ri, hətta ətraf 7 rayonu da işğalda saxlayıb.

Yalnız İkinci Qarabağ savaşında kapitulyasiyaya imza atandan sonra 1991-ci il bəyanatını tanıması Ermənistanın hüquqi sənədlər üzərində manipulyasiyanı davam etdirməsinin təsdiqidir və Paşinyanın hökumətinin özündən əvvəlki hakimiyyətlərdən qəti fərqi olmadığını ortaya qoyur: onlar da imza atıb, sonra işğala başlamışdılar, Paşinyan da 2022-ci ildə Almatı Bəyannaməsinə sadiqliyini 30 ildən sonra "xatırlayıb", bunun ardınca Azərbaycanın tərkibində olduğunu tanıdığı Qarabağdakı separatçıları dəstəkləməyə davam etdi.

Nəticədə 19-20 sentyabr 2023-cü il əməliyyatı zərurəti yarandı və bu da növbəti yeni reallıq yaratdı.

Hazırda antiterror əməliyyatının yaratdığı ən yeni reallıqdan söhbət gedir və buna Azərbaycanı məcbur edən Ermənistandır - imzasına və Praqa bəyanatına hörmət etməməklə.

Ona görə sərhəd məsələsində Azərbaycan Xalq Cümhuriyyəti və birinci Ermənistan Respublikasının sərhədləri masaya qalxıb.

Azərbaycan Respublikası Müstəqillik Aktında ADR-in varisi olduğunu elan edib, buna görə də ADR sərhədlərinə iddia etmək haqqı var - Gürcüstan da eynilə varislik prinsipindən çıxış edir.

Nə qədər düşməncə daxildə didişsələr də, erməni müxalifəti Ermənistanın "varis olması ilə bağlı" Müstəqillik Aktında heç bir ifadə olmadığını əsas gətirərək, Paşinyana dəstək verir. Ancaq bir xüsusi məqam unudulur: Ermənistanın Müstəqillik Aktında "Ermənistanın müstəqilliyinin bərpasından" bəhs edilir. Bərpa dedikdə isə 1918-20-ci illərdə mövcud olan dövlət nəzərdə tutulur.

Paşinyan mümkün üçtərəfli görüşdə bu məsələlərin müzakirə olunma ehtimalını bildiyi üçün "şərtlər və müzakirə bazası" hazırlamağa çalışır. Paşinyan aylardır "güzgülü şəkildə orduların geri çəkilməsi" məsələsini qaldırır.

Sərhəd təxribatı baş tutsa və AB missiyası "Azərbaycanın atəş açdığını qeydə alsaydı", mümkün görüşdə Paşinyan yüksəkliklərin boşaldılması və orduların "güzgü prinsipi ilə" geri çəkilməsini müzakirəyə çıxaracaqdı.

İkincisi, Paşinyan "Teleqraf" nəşrinə açıqlamasında "tələsmişdi" və özünü ifşa etmişdi, demişdi ki, Azərbaycanla Ermənistan arasında bir-birinə hücum etməmək haqqında saziş imzalanıb.

Paşinyan bunu bir neçə dəfə yerli mediaya açıqlamasında dilə gətirmişdi və bunu Azərbaycana təklif edəcəyini bildirmişdi. Heç bir görüş və bəyanat olmadan "Teleqraf"a açıqlamasında artıq sazişin imzalanması yalanı isə mümkün görüşlə bağlı planlarının deşifrəsi idi.

Paşinyanın bu sərhəd təxribatında digər məqsədi mümkün görüşdə "hücum etməmək" məsələsini müzakirəyə çıxarmaq və Şarl Mişelin AB misiyyasından aldığı "bilgilərlə" dəstəyini qazanıb, danışıqlarda bu istiqamətdə bəyanat verilməsinə nail olmaq idi və s.

Yəni Nikol Paşinyan faktiki olaraq bu təxribatla mümkün üçlü görüşdə müzakirə mövzusunu diktə etmək, gündəmi müəyyənləşdirmək və əsas məsələlərdən - sərhədin hansı prinsiplərlə müəyyənləşməsi müzakirəsindən yayınmaq, bunu gələcəyə saxlamaq və ordusunu gücləndirməklə, gələcək görüşlərə daha üstün güclə çıxmaq fürsəti qazanmaq istəyirdi.

Alınmadı, bu planda Qərb havadarları da Paşinyana informasiya dəstəyi göstərə bilmədi - video-qeyd erməni-fransız oyununu ifşa etdi...


Etiketlər:  Təxribatın sensasion detalları Nikolun hansı planı məhv edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ