Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2024 08:00
"Bu yaşda uşaqların inkişafı üçün beynəlxalq turnirlərin çox böyük əhəmiyyəti var. Futbolçularımız müxtəlif ölkələr, fərqli üslubda oynayan komandalarla matçlarda yaxşı təcrübə qazanırlar".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın U-14 komandasının baş məşqçisi Asif Əlizadə deyib.
Gənc mütəxəssis yetirmələrinin Belarusun paytaxtı Minskdə keçirilən "Bizim Gələcəyimiz" beynəlxalq turnirində çempionluğunu dəyərləndirib. O bildirib ki, yarışa güclü rəqiblər qatılıb: "Bu yaşda bütün futbolçular hələ öyrənirlər. Bu səbəbdən də stabil oyun nümaiş etdirməyə çalışırdıq. Bütün rəqiblərlə maraqlı mübarizə şəraitində oyunlarımız oldu. BATE-yə qrupda məğlub olsaq da, finalda revanşı ala bildik. Akademiyamızın rəhbəri Aftandil Hacıyev bizdən komandanın baxımlı futbol oynamasını tələb edir. Kimisə xüsusi qeyd etmək olmaz. Futbolçularımızın hər biri maksimum gücünü ortaya qoymaq istəyirdi".
Əlizadənin sözlərinə görə, belə turnirlərin beynəlxalq təcrübə baxımından böyük əhəmiyyəti var: "Minskdə ölkə çempionatındakı komandalarının 90 faizindən güclü klublarla oynadıq. Yerli yarışda il ərzində belə tempdə 3-4 oyun keçiririksə, Belarusda 1 həftəyə bu təcrübəni qazandıq. Bu turnirdə iştirak qarşıda milliyə düşmək baxımından da faydalı olacaq".
Qeyd edək ki, "Qarabağ" finalda Belarusun BATE klubuna 1:0 hesabı ilə qalib gəlib.