Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İndiyə kimi belə sevgi yaşamamışam”

“İndiyə kimi belə sevgi yaşamamışam”

Tarix: 11 Aprel 2024 11:25

Tanınmış aktrisa, Prezident mükafatçısı Günel Məmmədova "Telefon söhbəti" rubrikasında Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla söhbəti təqdim edirik.

- Günel xanım, ötən ay övladınız dünyaya gəldi. Bu, çoxları, xüsusən də mətbuat üçün gözlənilməz xəbər oldu. Toyunuz nə zaman oldu və sosial medianı aktiv idarə edən Günel xanım niyə bu barədə heç bir paylaşım etmədi?

- Təbrikə görə çox təşəkkür edirəm. Toyum ötən ilin iyun ayında oldu. Şəxsi həyatım barədə məlumat verməyi sevmirəm. Adı üstündə şəxsi həyat. Əvvəl, indi və bundan sonra da bacardığım qədər şəxsi həyatım barədə nələrsə görə bilməyəcəksiniz. Ailə şəxsidi, özəldi və ona görə də kənar insanların bu barədə məlumatlı olması mənə görə çox gərəksizdir. Bu səbəbdən heç bir paylaşım etmədim və bundan sonra da etməyəcəm. Bircə onu deyə bilərəm ki, həyat yoldaşım bizim cameədən deyil.

- Həmişə uşaqların əhatəsində, onların sevgiləri ilə iç-içə olan biri kimi indi öz övladınızı qucağınıza aldınız. Necə hisdir?

- Uşaqları sevirəm. Amma övlada olan sevgi tam fərqlidir. Bunun belə olacağını ağlıma gətirmirdim. Övlada olan sevginin, bağlılığın bu qədər dərin ola biləcəyini düşünmürdüm. Hislərimi dilə gətirə, sözlə ifadə edə bilmirəm, Nərmin. Çox xoşbəxtəm, Allahıma olan şükranlığım sonsuzdur. Allahın nəzəri həmişə balamın üzərində olsun. Allah bütün uşaqları qorusun.

Şükür edirəm ki, ailə qurdum və sonra Allah bu hədiyyəni bəxş etdi. Qızım da mən də mart ayında doğulmuşuq. Bu mənə ən böyük hədiyyə oldu. Deyirdilər ki, övlad çox böyük eşqdir, sevgidir və həqiqətən də belədir.

Ana olmaq böyük məsuliyyətdir. Hələlik bunu tam dərk edə bilirəmmi? Yəqin ki, bu sualın cavabını özüm də bilmirəm. Amma bacardığım qədər balama məhəbbətimi, sevgimi, qayğımı verib və əlimdən gələni edəcəm ki, o ilk növbədə yaxşı insan olsun. Valideynlərinə, vətəninə layiqli olsun və həmişə onunla fəxr edək. Bu məsuliyyət biz anaların üzərindədir. Çox xoşbəxtəm ki, evimizdə balaca şirin adamımız var, rəng qatan, sevgidolu bir adam...

Allah övlad istəyində olan hər kəsə qismət eləsin. Bu gözəl və tam fərqli hisdir.

Bilirsən ki, sənətimi çox sevirəm. Həmişə düşünmüşəm ki, sənətsiz qala bilmərəm. Təsəvvür elə ki, yeddinci aya kimi mən teatrdakı tamaşalarda oynayırdım. Səhnədə balamla birgə...Amma indi düşünürəm ki, mən balama sənətimi belə qurban edərəm. Bir valideyn üçün ailədən və övladdan vacib heç nə ola bilməz. Hər saniyəsində yanında olmaq istəyirəm, elə gözəl qoxusu var ki, doyunca içimə çəkməyə çalışıram.

- Hələ yolun başındasınız. Bu dönəmdə hamı məsləhətlərini verib, yol göstərmək istəyir. Necə baş edirsiniz? Kimdən məsləhət alırsınız?

- Videolara baxıram, ana olan insanlar kömək edir. Bəzi məsləhətlər xoşuma gəlmir, amma bəzilərinə qulaq asıram. Bu məsələdə həqiqətən çox məlumatsızam. Mənə dəstək olanlar çoxdur və hamısına da təşəkkür edirəm.

Üstəlik də çox həssas biriyəm. Çarəsizliyim və həssaslığım məni zəiflədir, bunu etiraf edə bilərəm. Hamı deyir ki, soyuqqanlı ol. Amma hələ ki, bacarmıram.

- Qızınızın adını bilmək olarmı? Adını siz yoxsa atası qoyub?

- Adını hələ açıqlamaq istəmirəm. Son ana kimi oğlan yaxud qız olacağını bilmirdim. Oğlan olsaydı yoldaşımın atasının, qız olsaydı isə anamın adını qoyacaqdıq. Amma elə alındı ki, başqa ad düşündük. Bacımın oğlu mənim balam kimidir. O da biz dediyimiz adı bəyəndi. Və belə demək mümkünsə mənim birinci balam ikinci balamın adını qoydu.

Övlad - Allahdan gələn hədiyyədir. Qız yaxud oğlan anası - bunun mənim üçün fərqi yoxdur. Ən önəmlisi onun nəfəsini hiss etmək, qucağında sakitləşməsini bilməkdir. Bu sözlə ifadə olunmayan bir duyğudur. Nə söz desəm az olar. Mən indiyə kimi belə sevgi yaşamamışam.

- Bəs özünüz necə uşaq olmusunuz?

- Deyilənlərə əvvəl çox sakit, amma bir müddətdən sonra nadinc biri olmuşam. Hamıya da aktrisa olacağımı demişdim. Qonşuları yığıb, tamaşa formasında nəsə hazırlayıb, aparıcılıq, müğənnilik edirdim. Hər şeylə maraqlanırdım. Valideynlərimə çox sağ ol deyirəm ki, onlar məni pianinoya, rəqsə, akrobatika yazdırıblar və mən belə mühitdə böyümüşəm. Bu uşaq üçün çox vacib amildir.

- Bir az ailə həyatınız barədə danışaq. Kişi -qadın münasibətində sizin üçün ən önəmli olan nədir? Ailəni ayaqda tutan nələrdir?

- Mənim üçün ən önəmlisi hörmət, dəyər, qayğı, bir-birini başa düşməkdir. Münasibətdə bunlar mütləqdir və bunlar olduğu təqdirdə ailə də möhkəmdir. Əlbəttə, həyatdır və hər şey ola bilər.

- Bəs sevgi?

- Təbii ki, sevgi öz yerində. Amma sevginin paralelində hörmət, qayğı olmalıdır.

Ailədə kompromisə getmək çox önəmlidir. Gözəl günlər mütləq ki, olacaq, amma ən vacibi problemlər yaşanan anlarda bir -birinin əlindən tutub çətinlikləri dəf edərək irəli getməkdir.

- Səhnəyə nə zaman qayıtmağı planlaşdırırsınız?

- İkicanlı olanda səhnə üçün o qədər darıxırdım ki... Amma indi fərqli düşüncədəyəm: mənim səhnəm balamdır. Hazırda özümü ailəmə və ələlxüsus övladıma bəxş etmişəm. Vaxtı gələndə teatra da çəkilişlərə də qayıdacam.

Milli.Az


Etiketlər:  İndiyə kimi belə sevgi yaşamamışam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ