Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2024 19:50
Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ABŞ prezidentliyinə namizəd Donald Trampa "dərin dövlət"lə bağlı xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə o, "The Wall Street Journal"dakı köşə yazısında qeyd edib.
"Britaniya bürokratik dövləti mənim təklif etdiyim islahatları alt-üst etdi və onun amerikalı həmkarı Tramp noyabrda qalib gəlsə, onun diqqət mərkəzində olacaq. "Dərin Dövlət" onu ilk dövründə etdiyindən daha çox sarsıtmağa çalışacaq", - Böyük Britaniyanın keçmiş baş naziri bildirib.
Trass deyib ki, mühafizəkar siyasətçilər başa düşməlidirlər ki, seçkidə qalib gəlmək kifayət deyil:
"Qalibin özünü qorumağa meylli olan "dərin dövləti" dağıtmaq üçün ardıcıl plana ehtiyacı var".
Trass 20 oktyabr 2022-ci ildə baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun səlahiyyət müddəti Britaniya tarixində ən qısa müddət idi - 49 gün.
Keçmiş baş nazir daha əvvəl vəzifəsindən istefa verməkdə "dərin dövlət" və solçu qüvvələri günahlandırmışdı. Fevral ayında Trass demişdi ki, dünyanın bir çox ölkəsində solçular hakimiyyətə gəldiyi üçün Qərb məhvə məhkumdur. \
"Mən belə qənaətə gəldim ki, mühafizəkarlar yenidən qalib gəlmədikcə və solun ələ keçirdiyi institutları öz üzərinə götürməyə hazır olmasalar, Qərb məhvə məhkumdur", - o qeyd edib.
Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezidentliyə Respublikaçılar Partiyasından namizəddir. Ölkədə siyasətçiyə qarşı bir neçə cinayət işi qaldırılıb: porno aktrisaya rüşvət vermə, gizli sənədlərin qanunsuz saxlanması, həmçinin 2020-ci il prezident seçkilərinə müdaxilə ilə bağlı iki iş.