Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 12:10
Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, dəhşətli hadisə orenburqlu ailənin başına gəlib. Nənəsinin yanında tətildə olan 12 yaşlı uşaq ayağını ehtiyatsızlıqdan mismarlı taxtanın üstünə basıb. Qadın nəvəsinin yarasını təmizləsə də, zədəsi ciddi görünmədiyi üçün xəstəxanaya müraciət etməyib. Bir həftə sonra ayaqda ağrıların davam etdiyini görən ailə xəstəxanaya müraciət edib. Həkimlər bütün lazımi işləri görsələr də, uşağın ayağında ağrılar davam edib. Nəhayət, ailə Ufaya yollanıb.
Sonradan məlum olub ki, həkimlər ayağın sfenoid sümüyünün içinə girən tilişkəni çıxarmayıblar. Sonrakı iki əməliyyat da uşağa kömək etməyib və ayağı irinləməyə başlayıb. Həkimlər sümüklərin məhvinə gətirən xroniki osteomielit diaqnozu qoyublar.
Ana oğlu ilə birlikdə Moskvaya yollanıb. Orada tilişkə çıxarılıb. Bu zaman kokkal infeksiya aşkar edilib. Bir neçə əməliyyat keçirən həkimlər ona süni sümük yerləşdirməyi planlaşdırırlar.
"İndi implant yerləşdirə bilmirlər, çünki ayaq hələ də böyüyür. Həm də onu iki mərhələdə quraşdırmaq lazımdır. Sadə dillə desək, hələ çox işimiz var", - deyə uşağın anası bildirib.
Qadın məhkəməyə getməyi planlaşdırır, çünki o əmindir ki, Ufadakı həkimlər tilişkəni vaxtında çıxarsaydılar, osteomielit inkişaf etməzdi.
Hazırda oğlan əlil arabasından istifadə edir və təhsilini evdə davam etdirir. Uşaq bu vəziyyətlə barışa bilmir.
"Onu çölə çıxarmaq istəsəm də, utanır. Deyir ki, sinif yoldaşlarım mənə necə baxacaq? Amma deyirəm ki, bütün bunlar müvəqqətidir. Axı nə vaxtsa bunların hamısı bitəcək", - deyə ana bildirib.
Qadının sözlərinə görə, o, psixiatra müraciət edib. Mütəxəssis uşaqda çoxsaylı narkoz səbəbindən amneziyanın inkişafı barədə məlumat verib. Hazırda məktəbli baş verənləri, deyilənləri yadında saxlaya bilmir. Bundan əlavə, uşağın saçları ağarmağa başlayıb.