Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 May 2024 16:35
Tanınmış prodüser-aparıcı Tarix (Tolik) Əliyev İnstaqramda video paylaşaraq ad çəkmədən aparıcıları tənqid edib.
O, bəzi aparıcıların insanları efirə çıxararaq alçatdığını iddia edib:
"Sözüm bəzi aparıcılaradır. Sosial şəbəkədə gördüyünüz kasıb təbəqənin insanlarını efirə dəvət edib, öz aləminizdə onları alçaltmaq istəyirsiniz. Bəsdir, yalandan özünüzü cəmiyyətə mərhəmətli göstərib, camaatın uşağını efirə çıxarıb, efirdən əvvəl filan şeyi et və sair deyib, onu yazıq kimi göstərdiniz!"
Tolik həmin aparıcıları vicdansız adlandırıb: "Sizi bu gün televiziyadan qovsalar, sabah heç yerdə adınız olmayacaq. Amma o insanlar yenə də öz əziyyəti ilə çörək pulunu qazanacaq. Vicdan yaxşı keyfiyyətdir. Amma o hər kəsdə də yoxdur. Həmin aparıcılara deyirəm ki, ayıb olsun".
Məlum çıxışı zamanı ad çəkməsə də Tolikin qalmaqallı sosial verilişlərin aparıcılarını - Zaur Baxşəliyevi, Xoşqədəm Hidayətqızını, Lalə Azərtaşı və Eıgiz Əkbəri nəzərdə tutduğu aşkar sezilir.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı Yenisabah.az-a ittiham olunan aparıcılardan biri danışıb. O, Tolikin səmimi olmadığını bildirib:
"Heç kəs Tolikə baş qoşmur. Fikirlərində səmimi olduğunu da düşünmürəm. Tolik özü də sosial layihəyə başladı və ilk başlayanda tənqid etdiyi bir sıra sosial veriliş aparıcısından kömək istədi. Məsləhət almaq üçün bizə yalvarırdı. Həmin aparıcılar ona yardımçı da oldu, hətta sonra onlara təşəkkür etdi. Bir müddət sonra isə öz aləmində başladı sosial layihələri "yıxıb-sürüməyə". Allaha and olsun ki, o özü gündəmə işləyən adamdır. Kimsə ona nə isə deyəndə də başlayır sosial şəbəkələrdən cavab verməyə, məsələni uzatmağa və s. Tolik özü sosial veriliş aparıb və tənqid etdiyi aparıcılardan betər formada insanları efirdə lağa qoyub.
Onun fikirlərində haradasa haqlılıq payı var, amma nəzərə almaq lazımdır ki, heç kimi efirə zorla çıxarmırlar. Efirdə ürəkgetmələri göstərən, 15 dəqiqə musiqi qoşub məsələni uzadan, efir vaxtını doldurmağa çalışanlar əlbəttə ki, var. Amma hamının adından danışmaq olmaz. Tolik özü üçün danışır, sosial mediaya işləyir, fikir versəniz, görərsiniz ki, bütün açıqlamalarında eyni mövzunu gündəmə gətirir. Onun kiminlə problemi var, bilmirəm, amma əmin olun ki, açıqlamaları sadəcə gündəmə hesablanmış olur".